Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalandı. Eyni zamanda, səfər çərçivəsində bu ölkənin Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlətləri-Qırğızısatan, Tacikistan, Özbəkistan liderləri və Azərbaycanın dövlət başçısının qeyri-formal məşvərət görüşü keçirilir.
“Bakupost” xəbər verir ki, görüş iyulun 30-dan avqustun 1-dək keçiriləcək.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
“Bakupost”a bildirib ki, Qırğızıstan-Azərbaycan münasibətləri tarixən həmişə müsbət məcrada inkişaf edib:
“Bununla belə, Azərbaycan Prezidentinin bu ölkəyə olan hazırkı səfəri zamanı münasibətlər tamamilə yeni strateji dərinlik qazandı. Hökumətlərarası komissiyanın iclası, iqtisadi-sosial, maliyyə yatırımı sahəsində əlaqələrin dərinləşməsi iki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişafı üçün təməllər yaratdı. Qırğızıstan Çinlə sərhəddə olduqca mühüm strateji mövqeyə, zəngin mineral və su ehtiyatlarına malikdir. Qırğızıstan həmçinin, 2009-cu ildən bu günə qədər Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasında qurucu dövlətlərdən biri kimi çıxış edib. Bişkek hər zaman Bakını bütün məsələlərdə dəstəkləyib”.
Deputat qeyd edir ki, Prezident İlham Əliyev xarici siyasətdə müttəfiqlər birliyi formalaşdırır:
“Ona görə də qonşu, xüsusən də TDT-yə üzv ölkələrlə münasibətləri daha da dərinləşdirir və bu strateji alyans formasına doğr irəliləyir. Bu səbəbdən səfər tarixi əhəmiyyətli bir səfərdir.
İki ölkə arasında münasibətlər sadəcə siyasi-iqtisadi, mədəni-humanitar münasibətlər deyil. Bu münasibətlərin dərin qədim, tarixi, mənəvi kökləri də var. Azərbaycan Prezidentinin Qırğızıstanın ali ordeni olan “Manas” ordenilə təltif edilməsi, eyni zamanda, ümummilli lider Heydər Əliyevin adını daşıyan ordeninin Qırğızıstan Prezidentinə təqdim edilməsi də iki ölkə xalqları arasında mənəvi tarixi əlaqələrin dərin olduğu və qarşılıqlı səmimiyyətə əsaslandığını göstərir. Bütün bunlar isə siyasi-iqtisadi məsələlərlə bağlı həm də iki ölkə aarsında mənəvi, tarixi, etnik əlaqələrin sıx olduğunun göstəricisidir”.
Rüfət Sultan,
BaluPost