Ru
16:17 / 13 Fevral 2026

Prezidentin xəbərdarlığı ciddi bir siqnaldır: Tədris proqramları ilə real ehtiyaclar arasında uçurum var

Prezidentin xəbərdarlığı ciddi bir siqnaldır: Tədris proqramları ilə real ehtiyaclar arasında uçurum var
Eye

“Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ilə bağlı müəyyən etdiyi hədəflər, əslində, dövlətimizin Dördüncü Sənaye İnqilabına tam hazırlıqlı daxil olmasının yol xəritəsidir”.

Bu sözləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Şəmsi Qocayev bildirib.

Onun sözlərinə görə, bu gün rəqəmsallaşma sadəcə texnoloji yenilik deyil, həm də dövlət idarəçiliyində şəffaflıq, milli təhlükəsizlik və gələcəyin qurulması məsələsidir:

“Prezidentin də xüsusi vurğuladığı kimi, ən mükəmməl rəqəmsal infrastrukturu belə hərəkətə gətirən əsas qüvvə insandır. Kadr hazırlığının əsas vəzifə kimi önə çəkilməsi təhsil sistemimizin qarşısında təxirəsalınmaz tələblər qoyur və neft kapitalının intellektual kapitala çevrilməsi prosesinin ən strateji mərhələsini təşkil edir.
Lakin Elm və Təhsil Nazirliyinin (ETN) bu istiqamətdəki fəaliyyəti hələ də müasir dünyanın çağırışlarından geri qalır. Nazirlik tərəfindən icra olunan “Rəqəmsal bacarıqlar” kimi layihələr təqdirəlayiq olsa da, bunlar hələ ki, ümumi mənzərənin kiçik bir hissəsini əşkil edir və daha çox “pilot layihə” təsiri bağışlayır. Ölkənin minlərlə məktəbi, xüsusən də regionlardakı təhsil ocaqları hələ də müasir İT laboratoriyalarından, sürətli internetdən və ən əsası, rəqəmsal təfəkkürə sahib müəllim heyətindən məhrumdur”.

Ekspertin fikrincə, ETN-in kadr hazırlığı strategiyası kütləvi xarakter daşımalıdır. Rəqəmsal savadlılıq yalnız paytaxtdakı bir neçə seçilmiş məktəbdə deyil, ucqar kəndlərdə də eyni keyfiyyətlə təmin olunmalıdır:

“Orta məktəblərdə “İnformatika” dərsliklərinin məzmunu hələ də köhnə paradiqmaların əsiridir. Şagirdlərə alqoritmik düşüncə, süni intellektin təməlləri və kibertəhlükəsizlik əlifbası aşılanmalı olduğu halda, biz hələ də ibtidai kompüter bilikləri ilə kifayətlənirik. Ali təhsil pilləsində isə nazirliyin universitetlərlə əməkdaşlığı real sektorun tələblərinə cavab vermir. Əgər ali məktəbi bitirən gənc əmək bazarına daxil olduqda yenidən hazırlıq kurslarına ehtiyac duyursa, bu, tədris proqramları ilə real ehtiyaclar arasındakı koordinasiya uçurumunun bariz göstəricisidir”.


Ş.Qocayev sonda vurğulayıb ki, Elm və Təhsil Nazirliyi real və köklü islahatlara keçməlidir:

“Kadr hazırlığı sadəcə diplom vermək deyil, dövlətin rəqəmsal suverenliyini qoruyacaq “beyin ordusu” yetişdirməkdir. Prezidentin xəbərdarlığı ETN üçün ciddi bir siqnal olmalıdır: təhsil sistemi “istifadəçi” deyil, “yaradıcı” nəsillər yetişdirmək üçün rəqəmsal transformasiyanın mərkəzinə çevrilməli, gələcəyin ixtisasları üzrə dövlət sifarişi və xaricdə təhsil prioritetləri yenidən müəyyənləşdirilməlidir. Bu, Azərbaycanın gələcək qüdrətinin rəqəmsal təminatıdır”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar