Ru
12:35 / 10 Dekabr 2019

Prezidentin yeni köməkçisi qala gecəsində - FOTOLAR

5260
Dekabrın 9-da Heydər Əliyev Mərkəzində əlilliyi olan və olmayan sənətkarların iştirakı ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib. Qala tədbir Heydər Əliyev Fondu, YUNİSEF və İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub. Tədbirin məqsədi ictimaiyyətə əlilliyi olan və olmayan şəxslər üçün bərabər imkanların yaradılması və inklüziv cəmiyyətinin qurulmasının əhəmiyyətini çatdırmaqdır.

BakuPost xəbər verir ki, İtaliyanın "Nazareno" Sosial Kooperativi və "DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti layihədə iki ölkənin əlilliyi olan və olmayan sənətkarlarını bir araya gətirib. Sənətkarlar özlərini ifadə etməyə imkan yaradan incəsənəti şəfa mənbəyi seçiblər.


Qala tədbirində "Nazareno" Sosial Kooperativi "Sciá Sciá" orkestrinin çıxışını, "EgoMuto kollektivinin xoreoqraf İren Straççiatinin quruluşunda "Səyyahlar", "DanzaMobiles" komandasının xoreoqraf Manuel Kanadasın quruluşunda "Sara və Manuel: iki vücud fəzada uzaqlaşma yollarını axtarır" rəqsini, müğənni və pianoçu Silvia Zarunun ifasını təqdim edib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkəti isə xoreoqraf Nigar İbrahimbəylinin quruluşu və rəssam Vüsal Rəhimin tərtibatında "Addım" tamaşasını, həmçinin şirkətin direktoru Nigar Sultanovanın "Əlaqə" meditasiyasını nümayiş etdirib.

"DanceAbility Azərbaycan" İnklüziv Rəqs Şirkətinin direktoru Nigar Sultanova və "Nazareno" Sosial Kooperativinin prezidenti Serxio Vini hər kəsin cəmiyyətdə bərabər hüququ olduğunu qeyd edib, tədbirin əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyəti üçün faydalı olacağına inandıqlarını bildiriblər.

Layihə çərçivəsində iki ölkənin sənət adamlarının təcrübə mübadiləsi nəticəsində ərsəyə gələn birgə rəqs nömrəsi də təqdim olunub.

Qeyd edək ki, qala gecəsində Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov da iştirak edib.

Xatırladaq ki, A.Ələkbərov 2019-cu il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsinə təyin edilib.







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər