Ru
17:30 / 26 Avqust 2026

Problemli kreditlər niyə sürətlə artır? – Banklarla bağlı ciddi məqam

Problemli kreditlər niyə sürətlə artır? – Banklarla bağlı ciddi məqam
Eye

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 723 milyon manata çatıb. Son bir ildə problemli kreditlərin məbləği 36,6 faiz artıb, onların ümumi kredit portfelində payı isə 1,6 faizdən 2,1 faizə yüksəlib.

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov “BakuPost”a bildirib ki, vaxtı keçmiş kreditlərin həcminin artması bank sektoru üçün arzuolunan tendensiya deyil. Onun sözlərinə görə, son bir ildə artım xüsusilə biznes kreditləri üzrə müşahidə olunur.

Deputat problemli kreditlərin artmasının səbəblərindən birinin bəzi bankların borcalanların real ödəmə qabiliyyətini yetərincə nəzərə almaması olduğunu bildirib.

“Bir sıra hallarda banklar kreditə müraciət edən şəxsin ödəmə qabiliyyətini yoxlamadan kredit verirlər. Eyni zamanda, əvvəlki dövrlərdə plastik kartlar üzrə kredit xətlərinin, xüsusilə əsaslandırılmamış kredit limitlərinin açılması da vaxtı keçmiş kreditlərin həcminin artmasına səbəb olub”, – deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bank artıq bu istiqamətdə müəyyən addımlar atıb. Kredit xətlərinin və kredit kartları üzrə limitlərin vətəndaşların rəsmi gəlirlərinə uyğunlaşdırılması ilə bağlı qaydalar təsdiqlənib.

İqtisadçı hesab edir ki, problemli kreditlərin artmasının qarşısını almaq üçün Mərkəzi Bank tənzimləyici tədbirləri genişləndirməlidir. Xüsusilə vaxtı keçmiş kreditlərin payı yüksək olan banklarla fərdi şəkildə işlənməsinə ehtiyac var.

“Kredit portfelində vaxtı keçmiş kreditlərin payı çox olan banklarla Mərkəzi Bank tərəfindən ayrıca işin qurulmasına ehtiyac var ki, həmin banklar üzrə problemli kreditlərin həcminin azaldılmasına nail olmaq mümkün olsun”, – deyə V.Bayramov bildirib.

Vüsalə Hüseynova
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar