Ru
17:58 / 10 Avqust 2026

“Pulu olsa, aliment də verər” – İcra məmurunun qəribə cavabı

“Pulu olsa, aliment də verər” – İcra məmurunun qəribə cavabı
Eye

Redaksiyamıza Sumqayıt şəhəri, Stansiya Sumqayıt, ev 45 ünvanında yaşayan Şirməmmədova (Məmmədova) İradə Etibar qızı tərəfindən şikayət ərizəsi daxil olub.
O ərizəsində bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2015-ci il tarixli qətnaməsi ilə Məmmədov Azad Fərhad oğlu ilə bağlanan nikah pozularaq, birgə nikahdan doğulmuş 02.11.2010-cu il təvəllüdlü Məmmədli Leyla Azad qızının onun yanında qalması qət edilib. Həmin məhkəmənin 28.03.2016-cı il tarixli, 2(060)-3723/2016 saylı qətnaməsi ilə Məmmədli Leyla Azad qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Məmmədov Azad Fərhad oğlundan hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq qızın anasına ödənilməsi qərara alınır.

"Bakupost" xəbər verir ki, amma borclu Məmmədov Azad Fərhad oğlu alimenti və 3000 (üç min) manat məbləğində aliment borcunu bu günə qədər ödəməkdən yayınıb. Bu işdə icra məmurları da öz qanuni vəzifələrini yerinə yetirməməklə dolayı yolla borclunun məsuliyyətdən yayınmasına kömək edirlər.

Qətnamənin icrası Sumqayıt İcra və probasiya şöbəsinin icra məmuru Samir Məmmədovun icraatında olsa da, o, qətnamənin icra vəziyyəti ilə maraqlanmır.

Şikayətçi məcbur qalaraq 20.05.2026-cı il tarixdə Ədliyyə Nazirliyinin Qaynar xəttinə şikayət etsə də, Samir Məmmədov müxtəlif bəhanələrlə ona cavab verməkdən yayınıb. Belədə, 3000 manata yaxın aliment borcunu ödəməyən borclu barədə nə inzibati həbs, nə də cinayət işi başlanması ilə bağlı təqdimat vermir:

“Əksinə, mənə deyir ki, “pulu olsa verər də”. Dövlət büdcəsindən maaş alan icra məmuru qətnamənin icrasını tələb edən tələbkara belə deyirsə, borcludan nə gözləyə bilərik? Ümumiyyətlə, belə icra məmuruna nə ehtiyac var? Bu vəziyyət məndə haqlı olaraq müəyyən suallar və şübhə yaradır”.

Şikayətçi deyir ki, Ədliyyə Nazirliyinə etdiyi şikayət də nəticəsiz qalıb.

Bu haqda qətnamənin icra vəziyyətilə məşğul olan Samir Məmmədovla əlaqə saxlasaq da, o, sualımıza Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin cavab verməli olduğunu bildirdi.
Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 04.05.2016-cı il tarixli icra sənədinə əsasən Azad Məmmədovdan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, İradə Məmmədovaya (Şirməmmədovaya) ödənilməlidir.

Ardınca qeyd edilir ki, Sumqayıt şəhəri üzrə icra idarəsində başlanılmış icraat zamanı aliment A.Məmmədov tərəfindən müntəzəm ödənilmədiyinə görə, barəsində məcburi icra tədbirləri görülüb:

“İcra sənədi yerli icra qurumu tərəfindən nəzarətdə saxlanılmaqla tələbin icrası istiqamətində qanunamüvafiq tədbirlər davam etdirilir”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar