“Ekspertlər dekabr ayınadək Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün dayandırılması halında yarana biləcək iqtisadi-hüquqi nəticələri araşdıracaqlar”.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Mixail Qaluzin xatırladıb ki, bu yaxınlarda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatı qəbul edilib. Həmin bəyanatda qeyd olunub ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlaması və ölkə rəhbərliyinin Aİ-yə qoşulmaq planları AİB-in digər üzvlərinin iqtisadi təhlükəsizliyi üçün konkret risklər yaradır.
“Bu dörd ölkənin liderləri Ermənistanın AİB-də iştirakının mümkün dayandırılmasının nəticələri ilə bağlı hesabat hazırlanmasını tapşırıb. Əminəm ki, ekspertlər həm iqtisadi, həm də hüquqi aspektləri araşdıracaqlar. Gəlin mütəxəssislərin işinin nəticələrini gözləyək”, - Qaluzin bildirib.
Diplomatın sözlərinə görə, AİB-in digər üzvləri üçün Ermənistanın bir tərəfdən qanunvericilik səviyyəsində Avropa İttifaqına inteqrasiya kursunu təsbit etməsi, digər tərəfdən isə AİB üzvlüyünün bütün üstünlüklərindən istifadə etməyə davam etməsi qəbuledilməzdir.
Mixail Qaluzin AİB müqaviləsində üzvlüyün dayandırılması prosedurunun nəzərdə tutulmadığı halda bunun hüquqi baxımdan necə həyata keçirilə biləcəyi ilə bağlı əlavə suala cavabında söyləyib: “Dediyim kimi, hesabat həm iqtisadi, həm də hüquqi baxımdan hazırlanacaq. Ona görə də onun məzmunu barədə indidən danışmaq istəməzdim”.
Rusiya XİN başçısının müavini vurğulayıb ki, İrəvan qanunvericilik səviyyəsində ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanmasını rəsmiləşdirib və Aİ-yə üzvlük həm siyasi, həm də iqtisadi baxımdan AİB üzvlüyü ilə uyğun gəlmir: “Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başladığını təsdiqləmək üçün daha nə lazımdır? Bu mövzu ilə bağlı xüsusi qanun qəbul olunub. Mən burada başqa cür şərh görmürəm”.
Xatırladaq ki, mayın 29-də AİB-in Astanda keçirilən iclasında Ermənistanın Avrasiya inteqrasiya Birliyində qalmaq və ya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilməsinin zəruriliyi barədə qətnamə qəbul olunub. Qətnamə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən imzalanıb.