Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüş regionda diqqət mərkəzinə çevrilib. Görüşdə səsləndirilən mesajlar, xüsusilə Kremlin İrəvana yönəlik tələbləri və Paşinyanın cavabları geniş müzakirə olunur.
Bununla bağlı BakuPost-açıqlama verən Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Zeynal Fətulla bildirib ki, görüş əsnasında gözlənildiyi kimi gərgin abu-havada keçib:
“Biz bu gərginliyi xüsusilə, baş nazir Nikol Paşinyanın çıxışlarında da müşahidə edə bilərik. Seçki öncəsi gərginliyin artdığı bir vaxtda Vladimir Putin ilə təmasların davam etməsi Nikol Paşinyan hakimiyyəti üçün həyati əhəmiyyət kəsb edir. Çünki onun əsas opponentləri Rusiya ilə dərin bağlara malikdir. Putinin səsləndirdiyi fikirlər İrəvanın istədiyi nəticəni tam əldə etmədiyini göstərir. Rusiya lideri Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələrin seçkidə iştirakını və Rusiyada yaşayan 2 milyon erməninin səsvermə hüququnun təmin olunmasını tələb etməklə rusiyapərəst qüvvələrə açıq dəstək verdiyini nümayiş etdirib. Eyni zamanda, İrəvanın Avrasiya İqtisadi İttifaqı üzvü ola-ola Avropa İttifaqı ilə yaxınlaşmasını “qəbuledilməz” adlandırması Moskvanın regiondakı geosiyasi maraqlarını qorumaq niyyətinin göstəricisidir. Paşinyan üçün uğurlu hesab olunmayan bu görüş, Rusiyanın Ermənistan seçkilərini öz mövqelərini gücləndirmək üçün strateji fürsət kimi qiymətləndirdiyini təsdiqləyir. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu proses təkcə Ermənistanın daxili siyasi dinamikası ilə məhdudlaşmır, həm də Cənubi Qafqazda qüvvələr balansına birbaşa təsir göstərir”.

Zeynal bəy həmçinin bildirib ki, Rusiya üçün Ermənistan yalnız müttəfiq deyil, həm də regionda təsir rıçaqlarını qorumaq baxımından açar ölkədir:
“Bu səbəbdən Kreml seçkilərin nəticəsindən asılı olmayaraq İrəvan üzərində təsir imkanlarını saxlamağa çalışacaq. Nəticədə gərgin atmosferdə başlayan görüş tərəflərin bir-birilərinə sətir altı mənalar ifadə edən bəyanatlarla başa çatdı. Ehtimal ki, Rusiya prezidenti bu görüşdən heç məmnun qalmadı. Xüsusilə, Ermənistan baş nazirinin və Rusiya prezidentinin açıqlamaları ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlərdə soyuqluq davam edəcək. Həmçinin bu görüş bir daha onu göstərdi ki, tərəflər bir-birilərinə inanmırlar. Xüsusilə də Vladimir Putin Nikol Paşinyana etimad etmir. Ermənistan baş nazirinin Qərblə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya dairələrində Ermənistana qarşı inamsızlığı daha da artırır. Paşinyanın Qərbə inteqrasiya siyasəti isə Moskva ilə münasibətlərdə gərginliyi daha da artıraraq, ölkə daxilində siyasi parçalanmanı dərinləşdirə bilər. Görüşün nəticəsi olaraq demək olar ki, seçkidə ruspərəst qüvvələr qalib gələrsə, Ermənistanın xarici siyasət kursunda ciddi dəyişikliklər baş verəcək. Paşinyan qalib olarsa isə, Rusiya və Ermənistan arasında münasibətlər yenidən danışıqlar mərhələsinə keçərək ortaq məxrəcin tapılmasına yönələcək. Lakin mövcud ziddiyyətlər fonunda tərəflər arasındakı anlaşmazlıqların yaxın iki ay ərzində Ermənistandakı seçkilər öncəsi siyasi rəqabəti daha da kəskinləşdirəcəyi gözlənilir”.
Elnur, BakuPost