ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib.
"Bakupost" xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərlə söhbətində deyib.
Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə" yoluna qoya bilərdi, lakin o bunu etməməyi seçib.
ABŞ prezidentinin müşaviri və siyasi məsləhətçisi Aleks Brusevitz isə sosial media platforması “X”də yazıb ki, Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampın "siyasətlərini pozur" və amerikalılara "zərər verir".
O qeyd edib ki, iki gün əvvəl Zelenski ABŞ prezidentini zəif adlandırıb və Amerika lideri Rusiya ilə dizellə bağlı məsələni həll etdikdən dərhal sonra Rusiyanın neft emalı zavodlarına hücum edib.
Tramp Zelenskini istefaya göndərmək istəyinə nail ola bilər?
Politoloq Natiq Miri
“Bakupost”a bildirib ki, Trampın Zelenskini hakimiyyətdən kənarlaşdırmaq istəyi reallaşmayacaq.
Onun sözlərinə görə, Trampın dediklərini ciddi qəbul etmək lazım deyil:
“Tramp ikinci dəfə hakimiyyətə gələndə böyük iddialarla çıxış edərək, Kanadanı ABŞ-nin 51-ci ştatı elan edəcəyini, Qrenlandiyanı birləşdirəcəyini, İranı bir neçə günə darmadağın edərək, orada hakimiyyət dəyişikliyinə nail olacağını düşünürdü. Amma bunların heç biri həyata keçməyib. Ukrayna müharibəsini 24 saata bitirəcəyini deyən Tramp elementar bir həftəlik atəşkəsi təmin edə bilmir”.
Müsahibimiz hesab edir ki, Tramp özünün siyasi kapitalını artıq xərcləyib, bitirib:
“O yürütdüyü siyasətlə dünyada ABŞ-yə olan etimadı da sarsıdıb. Zelenskinin siyasi karyerasını da tramplar həll etmir. Bunu Ukrayna xalqı həll edir. Ukrayna xalqı Trampın bu sözünə etimad etməyəcək”.
Müsahibimizin sözlərinə görə, Zelenskiyə təsir etmək üçün Ağ Ev Ukraynaya silahların, kəşfiyyat məlumatların verilməsini dayandırmaqla bağlı sözdə Kiyevi hədələyə bilər:
“Amma ABŞ təkcə Tramp və onun adminstrasiyasından ibarət deyil. Konqresdə Rusiya dizelindən imtina ilə bağlı layihələr ortaya çıxmağa başlayıb. Konqres belə bir layihəni qəbul edərsə, Tramp heç nə edə bilməyəcək. Bu addımı Trampa aralıq seçkilərdə də kömək etməyəcək”.
Həmsöhbətimiz xatırladır ki, Tramp yanacaq infrastrukturuna hər iki tərəfin zərbələri dayandırmaları barədə razılığa gəldiklərini demişdi. Zelenski isə belə bir anlaşmadan xəbəri olmadığını söyləmişdi. Bu ABŞ prezidentini riyakar, qeyri-ciddi və öz arzuladıqlarını nəticə kimi düşünən şəxs kimi tanıtdı:
“Belə bir adamın açıqlamalarına dünya ictimaiyyəti etimad etməz. Artıq müttəfiqləri belə ABŞ-nin xidmətindən imtina ilə bağlı ortaq düşüncəyə gəlir. Putin indiki vəziyyətdən qazanclı çıxacağını bildiyi üçün Trampla bu alış-veriş oyununa gedib. Çünki əmin idi ki, Zelenski bu şərti qəbul etməyəcək və Tramp da ona qəzəblənəcək, münasibətlər korlanacaq. Bu elementar məntiqi nə Tramp, nə də onun adminstrasiyası, yəni alverçilər səviyyəsində kimsə dərk edə bilmədi”.
Rüfət Sultan,
BakuPost