Rəsmi Rusiya son günlər Ermənistanı təhdid edir ki, bu ölkəyə satdığı təbii qazın qiymətini kəskin artıra bilər – həmişəki kimi yalan danışır, manipulyasiya ilə məşğuldur.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Çox sadə şəkildə bunu sübut etmək olar: Rusiya Ermənistana təbii qazı sərhəddə 1000 m3-i 165 dollara satır, faktiki olaraq isə Rusiya bu qiymətə qazı özü-özünə satır – çünki Ermənistanın qazpaylayıcı şəbəkəsi 100% Rusiyaya, “Qazproma” aiddir. Yəni “Qazprom”un ANA şirkəti qazı 165 dollara özünün BALA şirkətinə satır, sonra isə Ermənistanda əhali və hüquqi şəxslərə bu qaz daha baha satılır – fərqi isə yenə “Qazprom” öz cibinə qoyur.
Ermənistanda əhaliyə satılan qazın müxtəlif taarifləri var, ümumi qiymət 1000 m3 üçün 365-370 dollardır (məzənnədən asılı olaraq dəyişir).
Əhali üçün geniş limitlər də var:
- aztəminatlı əhali qrupu 1000 m3 qazı 255-260 dollara alır,
- kiçik və mikro sahibkarlar da eyni əhaliyə olan taariflərlə qazpulu ödəyir,
- böyük zavodlar və istilik elektrik stansiyaları 1000 m3 üçün 265 dollar ödəyir,
- istixanalar üçün qiymət 1000 m3 üçün 234 dollardır, eyni tarif emal sənayesi müəssisələrinə də aiddir.
Yəni Rusiya özü-özünə qaz satır, sərhəddə olan qiymətlə əhaliyə satılan qiymət arasında olan hər 1000 m3 üçün 200 dollara yaxın qiymət fərqindən “Qazprom” yaxşı pul qazanır – amma utanmadan deyir ki, Ermənistan üçün qazın qiymətini qaldıracağıq. Bu mənasız şantajdır, əvvəla ona görə ki, doğrudan da ciddi təzyiq etmək istəyən Kreml deməzdi, çoxdan edərdi, etmir, çünki Putinin öz cibi olan “Qazprom” bunu istəmir...” - o bildirib.