Rusiya prezidenti Vladimir Putin neft emalı zavodlarının fəaliyyəti, enerji ixracı və daşınması haqqında məlumata çıxışı məhdudlaşdırıb.
"Bakupost" xəbər verir ki, müvafiq fərman 28 sentyabrda qüvvəyə minib.
Məhdudiyyətlərə Rusiya neft emalı zavodlarında istehsal və emal həcmləri haqqında məlumatlar daxildir. Bəzi ixrac məlumatları, o cümlədən malların miqdarı və dəyəri, satıcılar və alıcılar, təchizat marşrutları və daşınma marşrutları da məhdudlaşdırılıb.
Məhdudiyyətlər həmçinin enerji daşınması ilə məşğul olan şirkətlər, o cümlədən daşıyıcılar, yük ekspeditorları və sığortaçılar haqqında məlumatlara da təsir göstərir. Siyahıya dəniz gəmiləri, göndərmə sənədləri və ixrac əməliyyatlarının vaxtı haqqında məlumatlar daxildir.
Siyahıya daxil olan məlumatların media və internet vasitəsilə yayılması qadağandır. Lakin istisna təmin edilir: şirkət öz fəaliyyəti haqqında məlumatı açıqlaya bilər.
Kremlin bu addımda məqsədi nədir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri
İlham Şaban “Bakupost”a bildirib ki, 2022-ci ilin fevralından Rusiya uzunmüddətli müharibəyə başlayıb və onun nə zaman bitəcəyi bilinmir. Ölkə daxilində bunu rəsmən müharibə hesab etmirlər. Belədə, müharibə sözünü işlətmək yasaqdır. Ona görə cəzalar var. Ancaq bununla belə onun da fərqindəyik ki, tədricən Rusiyada müharibə dövrünün qanunları da özünü göstərməyə başlayıb. Artıq bəzi statistik məlumatlar ictimaiyyətə açıqlanmır, ondan gizlədilir. Neft və enerji məsələləri haqqında məlumatlara çıxışın məhdudlaşdırılması isə iyundan başlayaraq Rusiyanın daxili bazarda ilk dəfə olaraq yanacaq qıtlığı ilə üzləşməsi ilə bağlıdır. Rusiya artıq hətta bu məhsulları idxal edir. Bu isə cəmiyyətdə müəyyən narazılıq, qarmaqarışıqlıq yarada bilər. O baxımdan da neftin emal, istehsal və ixracı ilə bağlı məlumatları qapadırlar. Yəni bütün vasitələrə əl atırlar ki, müharibəni davam etdirməyə imkanları olsun, onun qarşısında heç bir əngəl olmasın”.
Ekspertin sözlərinə görə, bundan sonra Rusiyada nə qədər neft çıxarıldığı, nə qədər məhsul istehsal edildiyi və onun ixracı barədə rəsmi məlumatlar əldə edə bilməyəcəyik:
“Bu məsələlərə dair fikirləri bundan sonra ancaq təxmin etmək mümkün olacaq”.
Rüfət Sultan,
BakuPost