ABŞ-nin Respublikaçı senatorları Vladimir Zelenskiyə sövdələşmə təklif ediblər: Rusiyanın neft emalı zavodlarına hücumlara 100 günlük moratorium müqabilində “Starlink” peyk sisteminin əhatə dairəsinin 300 kilometrə qədər genişləndirilməsi.
“Bakupost” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Təklif senatorlar Rocer Viker və Kevin Kramer tərəfindən 9 oktyabrda ikipartiyalı Konqres nümayəndə heyətinin Kiyevə səfəri zamanı irəli sürülüb.
Məlumata görə, Ukrayna prezidenti təşəbbüsü alqışlayıb və danışıqlara hazır olduğunu bildirib.
Siyasi şərhçi Mehman Əliyev
“Bakupost”a bildirib ki, belə bir sövdələşmənin baş tutacağına əmin deyil:
“Yəni Rusiyanın Ukraynanın şəhərlərini dağıtmaq, dinc əhalisini öldürmək, infrastrukturunu sıradan çıxarmaq üçün bombardmanlara davam etməsi fonunda, Kiyev də qarşı tərəfin neft email zavodları və digər obyektlərinə zərbələri davam etdirəcək. Bu da onu göstərir ki, senatorların təklif etdiyi sövdələşmənin reallaşması da ilk növbədə Rusiyanın tutacağı mövqedən asılı olacaq”.
Müsahibimizin sözlərinə görə, Rusiya isə birmənalı olaraq buna getməyəcək:
“Çünki bu halda öz ərazisinə qarşı tərəfin zərbələri 300 kilometrə qədər genişlənəcək. Zelenski bundan qabaq da Trampın təklifini alqışlayaraq, razı olduğunu bildirmişdi. Amma Rusiya zərbələri davam etdirməyi dayandırmadığından, Ukrayna tərəfi də əks zərbələr endirməli oldu. İndi də anoloji vəziyyət təkrarlanacaq. Rusiya davam etsə, Zelenski də dayanmayacaq və deməli sövdələşmə baş tutmayacaq. Son olaraq məsuliyyət də Rusiyanın, Putinin üzərinə düşəcək”.
Rüfət Sultan,
BakuPost