Ukraynanın açıq mənbələr əsasında kəşfiyyat təhlili aparan bir qrupu Rusiya Prezidenti Vladimir Putinin ən yaxın köməkçilərindən bəzilərinin kimliyini müəyyənləşdirib. Bu araşdırma Ukraynanın keçmiş kəşfiyyat rəhbərinin Rusiya prezidentinin öz təhlükəsizliyi ilə bağlı narahatlıqları barədə açıqlamalarından sonra yayımlanıb.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “OSİNT-Bees” kəşfiyyat qrupu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qrup daha əvvəl Rusiyanın hərbi rəhbərləri, siyasətçiləri və təbliğatçıları haqqında ətraflı məlumatlar dərc edib. Son araşdırmasında isə Putinə ya birbaşa yaxın olan, ya da pərdəarxasında fəaliyyət göstərən dörd əsas şəxsin adını açıqlayıb.
“Bu insanlar Rusiya prezidentinin ən yaxın mühafizəçiləri və xidmətçiləridir. Bəzən hətta qonşu otaqda gecələyirlər”, – deyə kəşfiyyat nümayəndələri bildiriblər.
Bu araşdırma Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general-leytenant Valeri Kondratyukun Ukrayna mediasına verdiyi açıqlamadan sonra ortaya çıxıb. O, Putinin ətrafındakı təhlükəsizlik tədbirlərinin maksimum səviyyəyə qədər gücləndirildiyini bildirib.
İddia olunur ki, bu şəxslər Putinin ölkə daxilində və xaricə səfərləri zamanı Kremlin saytında yayımlanan fotolarda tez-tez görünürlər. Lakin onların şəxsiyyəti barədə çox az məlumat var.
Məlumata görə, köməkçilərdən biri 39 yaşlı Aleksey Melnikov Rusiya FSO Akademiyasının məzunudur. Fotolarda onun rəsmi səfərlər zamanı Putini müşayiət etdiyi görünür. Həmçinin onun həyat yoldaşı ilə birlikdə çimərliklərdə istirahət etdiyi fotolar da mövcuddur.
Digər şəxs kimi 43 yaşlı Sergey Moskalenko qeyd olunur. Yayılan fotolarda onun Çin Sədri Si Szinpin və digər dünya liderləri ilə görüşləri zamanı Putini müşayiət etdiyi görünür. Bildirilir ki, onun, ehtimal ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) Qolitsın adına Sərhəd İnstitutunu bitirib.
Onlardan daha biri 43 yaşlı Konstantin Panindir. O, Putinin ölkə daxilindəki səfərləri zamanı çəkilən fotolarda tez-tez prezidentin yanında görünür.
Dördüncü şəxs kimi Moskva vilayətinin Domodedovo rayonundakı Barıbino qəsəbəsindən olan 38 yaşlı İvan Rojko göstərilib. O da Rusiya FSO Akademiyasının məzunudur.