Avrasiya İqtisadi İttifaqın Astana sammitində iştirak üçün Qazaxıstanda səfərdə olan Rusiya Prezidenti Vladimir Putinin qarşılanma mərasimi dünyanın diqqət mərkəzində olub. Belə ki, onu müşayiət edən kortejin sayı həddən çox idi. Bundan başqa, havada helikopterlər də şəhərdə onun hərəkət trayektoriyasını nəzarətdə saxlayıblar.
Bu azmış kimi, Astanada onun keçdiyi marşurut boyu sovet dönəmindən qalma Putini tərifləyən şüarlar yazılan plakatlar asılıb. Eyni zamanda, məktəblilər də onun qarşılanma mərasiminə cəlb ediliblər.
Politoloq Natiq Miri
Bakupost.az-a bildirib ki, bunlar sadəcə bir görüntüdür:
“Kreml bununla özünün əhatə dairəsi hesab etdiyi postsovet ölkələrinə Rusiyanın hələ də qlobal güc və onun rəhbərinin də qlobal lider olaraq qalmaqda davam etdiyini nümayiş etdirmək istəyir”.
Digər tərəfdən, ekspertin sözlərinə görə, Qazaxıstanda nümayiş olunan Putinin qarşılanma ssenarisi onun təhlükəsizlik qorxusundan qaynaqlanır:
“Rusiya prezidenti daha çox öz canını qoruyur. Rusiyanın özündə belə demək oalr ki, bunkerlərdən çıxmır. Qatıldığı tədbirlər də məhdud saydadır. Bəziləri də əvvəlcədən çəkilmiş video görüntülərdir”.
Müsahibimiz hesab edir ki, Qazaxıstandakı Putinlə bağlı görüntülər həm də Rusiya prezidentinin uğursuz Çin səfərilə bağlıdır:
“Məhz Pekinə olan bu uğursuz səfərdən sonra Kreml Çin və ABŞ-yə Rusiyanın hələ də güc olduğunu göstərmək üçün Kiyevə ballistik raketlərlə hücum etdi. Hətta NATO-ya, Baltikyanı, Şərqi Avropa, hətta Skandinaviya ölkələrinə də hücum edə biləcəyilə hədələyir. Bunlar hamısı, o cümlədən Qazaxıstana səfərdə Putinə münasibətdə sərgilənən addımlar da ABŞ və Çinə göstərilən güc nümayişidir”.
N. Miri bununla belə, Rusiyanın bütün bu addımlarını “stəkanda fırtınadan” başqa bir şey hesab etmir:
“Çünki Rusiyanın bu cür davranışlarına nə ABŞ, nə də Çin məhəl qoymur. Onun arxasında ciddi iqtisadi, hərbi gücün olmadığını həm Vaşinqton, həm də Pekində gözəl bilirlər”.
Politoloq Rusiya liderinin Astanada qarşılanma görüntülərinin həmçinin Putin zehniyyətindən qaynaqlandığını da istisna etmədi:
“Putin zehniyyəti təmasda olduğu hər bir ölkədə potensial qatil görür və hesab edir ki, hər kəs Rusiya hakimiyyətini devirməyə çalışır. Bu hadisələr qorxu sindromunun Putinin şüurunda dolaşdığını açıq şəkildə büruzə verir. Bu cür nümayiş normal olmadığı kimi, onun arxasında da ciddi bir qorxunun olduğu gerçəkdir”.
Bütün bunlara rəğmən ekspert əmindir ki, nə Orta Asiya, nə də Cənubi Qafqaz ölkələri yenidən “ura” deyərək Rusiyanın arxasınca düşməyəcəklər:
“Bu qatar çoxdan gedib”.
Rüfət Sultan,
BakuPost