İsraildə “Qafqaz mafiyası”nın başçılarından biri kimi tanınan 45 yaşlı Yanis Yuşvayevin qətlə yetirildiyi anın görüntüləri yayılıb.
"Bakupost" xəbər verir ki, hadisə Keysəriyə şəhərindəki “Acenda” kafesinin qarşısında baş verib.
Görüntülərdə Yuşvayev kafedən çıxarkən killerin ona arxadan yaxınlaşdığı, baş nahiyəsindən tapança ilə atəş açdığı və dərhal hadisə yerindən uzaqlaşdığı görünür.
Məlumata görə, qətli törədən şəxs diqqət çəkməmək üçün özünü təqaüdçü kimi göstərib.
Yuşvayevə qarşı bundan əvvəl də sui-qəsd təşkil olunub. 2015-ci ildə baş verən həmin hücum uğursuz olub və kriminal avtoritet sağ qalıb.
Bəzi İsrail mənbələrinin məlumatına görə, Yuşvayev son vaxtlar digər cinayətkar qruplarla ciddi münaqişə vəziyyətində olub. İddia edilir ki, rəqibləri onun aradan götürülməsi üçün 1 milyon şekel (təxminən 566-569 min manat) mükafat vəd ediblər.
2026-cı ilin fevralında Yuşvayev Rusiyadan İsrailə qayıdarkən Ben-Qurion hava limanında saxlanılıb. O, rəqiblərinə hücum hazırlamaqda şübhəli bilinirdi.
Yuşvayev İsrailin mərkəzi hissələrində – Or-Akiva, Hadera və Şaron bölgəsində fəaliyyət göstərən cinayətkar qruplaşmaya bağlı olub. Dəstənin əsasən Rusiyadan köçənlərdən ibarət olduğu və buna görə İsrail mediasında “Qafqaz mafiyası” adlandırıldığı bildirilir.
Yuşvayev bahalı brend geyimlərə və lüks avtomobillərə marağı ilə də tanınırdı. O, tez-tez Rusiyaya gedirdi. Həmçinin Moskvada dezinfeksiya və dezinseksiya fəaliyyəti ilə məşğul olan iki şirkətin təsisçisi və rəhbəri olduğu iddia edilir.
Rüfət Sultan,
BakuPost