Ru
10:57 / 14 İyul 2026

Qalib Azərbaycandan dünyaya sülh və həqiqət mesajının verildiyi tribuna

Qalib Azərbaycandan dünyaya sülh və həqiqət mesajının verildiyi tribuna
Eye

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü və nüfuzu artıq yalnız iqtisadi imkanlar, hərbi potensial və siyasi təsir imkanları ilə ölçülmür. Qlobal proseslərdə dövlətlərin mövqeyini müəyyən edən mühüm amillər sırasında onların beynəlxalq imici, mədəni cəlbediciliyi, humanitar təşəbbüsləri, dəyərləri və etimad yaratmaq qabiliyyəti xüsusi yer tutur. Bu baxımdan Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq müstəvidəki mövqeyinin təqdim edilməsi və ölkəmizin gücünün nümayişi baxımından mühüm platformaya çevrilib. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndələri, ekspertləri və rəsmi şəxslər iştirak edir. Bu statistika da bir daha Azərbaycanın qlobal media dialoqu üçün mühüm platformaya çevrildiyini nümayiş etdirir. IV Şuşa Qlobal Media Forumu təkcə növbəti beynəlxalq tədbir deyil. Bu forum həqiqətin müdafiəsinə, obyektiv jurnalistikanın təşviqinə və media vasitəsilə etimadın bərpasına çağırışdır. Təsadüfi deyil ki, tədbirin əsas mövzusu "Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" kimi müəyyənləşdirilib. Çünki müasir dünyada sülh təkcə siyasi razılaşmalarla deyil, həm də doğru informasiya və qarşılıqlı etimadla möhkəmlənə bilər. Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpası uğrunda savaşı tam qalibiyyətlə başa vuran ölkənin sülh və həqiqət ünvanına çevrilməsi də tarix üçün nadir faktlardandır.

Şuşa Qlobal Media Forumunda ənənəvi olaraq hər forumda çıxış edən Prezident İlham Əliyev təkcə jurnalistlərin suallarını cavablandırmır, həm də regional və beynəlxalq əhəmiyyətli məsələlərə öz mövqeyini açıqlayır. Dövlət başçısı dünyanın nüfuzlu media qurumlarının nümayəndələrinin bütün suallarını açıq şəkildə cavablandırır, regionda baş verən proseslər barədə birbaşa məlumat verir. Bu format həm şəffaflığın, həm də açıq siyasi dialoqun göstəricisidir. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, belə formatda ünsiyyət beynəlxalq tədbirlərdə nadir hallarda müşahidə olunur. Şuşa artıq yalnız Qələbənin və azadlığın rəmzi deyil. Şuşa qalib Azərbaycanın Qalib Liderinin dünyaya öz sözünü dediyi siyasi kürsüyə çevrilib. Vaxtilə işğal altında olan, Azərbaycan xalqının nisgilinin və ağrısının simvoluna çevrilmiş şəhərdə bu gün dövlət başçısı dünya mediasının nümayəndələri qarşısında Azərbaycanın regional və qlobal proseslərə baxışını açıqlayır.

Azərbaycan lideri budəfəki Forumda regional, eyni zamanda beynəlxalq aləm üçün aktual məsələlərə toxunub və ölkəmizin həmin problemlərə yanaşmasını ortaya qoyub. Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən istiqamətlərdən biri yenə də sülh məsələsi oldu. Dövlət başçısı Azərbaycanın siyasətinin hər zaman əməkdaşlığa, qarşılıqlı etimada və regional sabitliyə xidmət etdiyini xüsusi vurğuladı. Onun sözlərinə görə, Azərbaycan həm özünü narahat edən məsələləri açıq şəkildə gündəmə gətirir, həm də qonşuların narahatlıqlarının aradan qaldırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Bu məqam rəsmi Bakının sülh gündəliyinə necə həssas yanaşdığını bir daha göstərir. Dövlət başçısı bir daha bəyan etdi ki, Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və qarşılıqlı etimad regionuna çevrilməlidir. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi xarici siyasətin ardıcıl və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirir. Dövlət başçısının dilindən beynəlxalq ictimaiyyətə verilən digər mühüm mesaj Azərbaycanın müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal əməkdaşlığa açıq dövlət olması ilə bağlı idi. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq sahələrində Azərbaycanın irəli sürdüyü təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir.

Bir sözlə, Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin peşəkar müzakirə platforması deyil, həm də Azərbaycanın həqiqətlərini beynəlxalq informasiya məkanına birbaşa çatdıran mühüm diplomatik tribuna oldu. Buradan verilən mesajlar göstərdi ki, həqiqətin ən güclü müdafiəçisi obyektiv media, etimadın ən möhkəm təminatçısı isə şəffaf dialoqdur. Azərbaycan da məhz bu prinsiplər əsasında beynəlxalq əməkdaşlığın genişlənməsinə və regionda dayanıqlı sülhün möhkəmlənməsinə öz töhfəsini verməyə davam edir.

Fəzail İbrahimli
VHP sədrinin müavini,
Milli Məclisin deputatı

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar