Ru
14:03 / 21 Yanvar 2026

Qalmaqallı məmuru hansı cəza gözləyir? - AÇIQLAMA

Qalmaqallı məmuru hansı cəza gözləyir? - AÇIQLAMA
Eye

Sumqayıtda küçə ticarəti ilə əlaqədar keçirilən reydlər zamanı yerli məmur Samir Bədəlovun satıcıya qarşı kobud davranması və malların müsadirə edilməsi son günlərin ən çox müzakirə olunan məsələlərindən biridir.


Məsələ ictimailəşdirildikdən, geniş müzakirələrə və tənqidlərə səbəb olduqdan sonra məmur tərəfindən götürülən malların geri qaytarıldığı açıqlanıb.

Lakin yayılan videodan göründüyü kimi, sözügedən məmurun satıcıya “Bu mal artıq sənin deyil” deməsi hüquqşünaslar tərəfindən qanun pozuntusu kimi qiymətləndirilib. Eyni zamanda, malların geri qaytarılması ilə bağlı satıcının sözlərindən başqa hər hansı rəsmi sübutun olmaması sosial şəbəkələrdə yenidən şübhə və müzakirələrə yol açıb. İddialara görə, müsadirə edilən mallar əslində sahibinə qaytarılmayıb, sadəcə, satıcıdan bunu təsdiqləməsi tələb olunub.

Maraqlıdır, Sumqayıt ŞİH-in İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovun bu hərəkətləri vəzifə səlahiyyətlərinin aşılması hesab oluna bilərmi və onu hansı hüquqi məsuliyyət gözləyir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında hüquqşünas Babək Umudov bildirib ki, məmurun hərəkətləri onun səlahiyyətlərini aşdığını göstərir:


“Əgər vətəndaş ticarət qaydalarını pozaraq, müvafiq icazə almadan ictimai istifadədə olan ərazilərdən yararlanmaqal qanunsuz küçə ticarəti ilə məşğul olurdusa, bu hal İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada aktlaşdırılmalı idi. Eyni zamanda vətəndaş barəsində müvafiq protokol tərtib oluna və onun qanunsuz fəaliyyəti dayandırıla bilərdi. Ancaq vətəndaşa aid malların heç bir sənədləşmə olmadan götürülməsi qanunvericiliyə ziddir. Bu hərəkətlər həmin məmurun səlahiyyətlərinin aşılması deməkdir”.

Hüquqşünasın sözlərinə görə, qanunvericiliyə əsasən, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlərin edilməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə yalnız "mühüm zərər" vurduqda cinayət məsuliyyəti yaradır:

“İndiki halda bir neçə qutu meyvənin götürülməsi vətəndaşa mühüm zərər vurulması olaraq qiymətləndirilə bilməz. Bununla belə, fikrimcə, bu cür hərəkətlərə görə həmin məmur barəsində tabe olduğu müvafiq qurum daxilində intizam icraatı başlanılmalı, müvafiq məsuliyyət tədbiri tətbiq olunmalıdır.

Məhsulların qanunsuz götürülməsindən sonra onların geri qaytarılması vətəndaş tərəfindən etiraf edilmişdir. Bu hal məmura tətbiq ediləcək intizam məsuliyyətinin ağırlığına təsir edə bilər. Ancaq məhsulların əslində qaytarılmaması, vətəndaşın təhdidlə etirafedici ifadə verməsinin təmin edilməsi yalnız bu barədə sübutlarla isbat oluna bilər. Kənar şəxslərin, şahidlərin məhsulların əslində qaytarılmadığı barədə iddiaları varsa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.

Malların geri qaytarılmadığı barədə iddialarla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu göndərmişik.

Lalə,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar