“Qanun” Nəşriyyatının tərcüməçisi Ziya Muradov Qubada müəmmalı şəkildə ölüb.
“Bakupost” xəbər verir ki, bununla bağlı məlumatı “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xudoğlu paylaşıb.
Onun sözlərinə görə, hadisə avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı baş verib. Lakin Z.Muradovun hansı şəraitdə öldüyü ilə bağlı bir sıra müəmmalı məqamlar var.
Ş.Xudoğlu bildirib ki, mərhumun ailəsi onun bədənində zədə izlərinin olduğunu deyir. Bundan başqa, hadisənin baş verdiyi yer və ölümün necə baş verməsi ilə bağlı müxtəlif ifadələrin olduğu bildirilir.
Nəşriyyat rəhbəri qeyd edib ki, Z.Muradovun ölümündən uzun müddət xəbərsiz qalıblar. Bir neçə gündür ona yeni tərcümə vermək üçün zəng etsələr də, telefonunun sönülü olduğunu görüblər. Yalnız bundan sonra tərcüməçinin avqustun 1-də dünyasını dəyişdiyini öyrəniblər.
Ş.Xudoğlu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmaya da aydınlıq gətirilməsini istəyib:
“Bu ölüm faktı üzrə hüquq-mühafizə orqanları tərəfindən hansı araşdırma aparılıb? Cinayət işi başlanıb, yoxsa başlanmayıb? Başlanmayıbsa, hansı əsasla?”
Qeyd edək ki, Ziya Muradov uzun illər “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edib, rus dilindən Azərbaycan dilinə kitablar tərcümə edib. Onun son tərcümələrindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.