Ru
17:05 / 16 İyul 2026

Qaqauzlar Türkiyədən dəstək istədi: Ankara nə edəcək?

Qaqauzlar Türkiyədən dəstək istədi:  Ankara nə edəcək?
Eye

Son günlər Moldovanın tərkibindəki Qaqauziya muxtar qurumu ilə Kişinyov arasında münasibətlər yenidən gərginləşməyə başlayıb.

Moldova Konstitusiya Məhkəməsinin muxtariyyətin bir sıra səlahiyyətlərini məhdudlaşdıran qərarı Qaqauziyada narazılığın artmasına rəvac verib. Atılan bu addım hətta Türkiyədə də ciddi narahatlıq doğurub. Türkiyənin tanınmış BRTV televiziya kanalının rəhbərliyi və iş adamlarından ibarət nümayəndə heyətinin Qaqauziyaya səfəri, eyni zamanda Dünya Türk Gənclər Birliyinin BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı və digər beynəlxalq qurumlara müraciəti göstərir ki, artıq məsələ Türkiyəni də ciddi narahat edir.

Onu da vurğulayaq ki, bu səfər heç də təsadüfi deyil. Çünki Qaqauziya Xalq Məclisi Konstitusiya Məhkəməsinin son qərarından sonra Türkiyə hakimiyyətinə müraciət edərək yaranmış vəziyyətlə bağlı dəstək istəyib.

Türkiyə qaqauzlara hansı dəstəyi verə bilər?

Siyasi şərhçi Ramiyyə Məmmədova "Bakupost"a bildirib ki, Türkiyə qaqauzlara ancaq diplomatik baxımdan dəstək verə bilər. Siyasi baxımdan isə Moldovanın daxili işlərinə qarışa bilməz və qarışmayacaq:

“Yəni bu dəstək Moldovanın daxili işlərinə müdaxilə qismində ola bilməz. Ankara Qaqauziya ilə bağlı özünəməxsus siyasət yürüdür. Yəni qaqauzları türkiyəli insanlar kimi qəbul edirlər. Bu da o deməkdir ki, onlar da bir türk olaraq qorunmağa layiqdirlər. Moldova son illər Avropa Birliyi istiqamətində sürətlə irəliləyir. Ona görə də Ankaranın Qaqauziyaya dəstək məsələsi ancaq diplomatik müstəvidə ola bilər. Loqistik və iqtisadi və etnik baxımdan Türkiyə Qaqauziya ilə bağlı müxtəlif addımlar ata bilər”.

Ekspert qeyd edir ki, bu muxtar qurumda rusiyapərəst qüvvənin iqtidarda olması Qaqauziyanın özünə böyük mənada mənfi təsir göstərir:

“Kişinyov bu hakimiyyətin dəyişməsini istəyir. Problemdən çıxış yolu Qaqauziyadakı ruspərəst muxtar rəhbərliyin hakimiyyətdən getməsidir. Bunun baş verəcəyi istisna deyil və Qaqauziyanın gələcək taleyi Moldova daxilində həll olunmalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar