Liviyanın keçmiş lider Muəmmər Qəddafinin böyük oğlu Seyfülislamın öldürüldüyü barədə xəbərlər yayılıb. İddialara görə, Seyfülislam Qəddafiyə sui-qəsdi 444-cü Briqadanın xüsusi təyinatlı bölməsi həyata keçirib.
Bakupost.az xəbər verir ki, Liviya rəsmi xəbər agentliyi “LANA”nın yaydığı məlumata görə, Seyfülislam Qəddafinin müşaviri və siyasi komandasının rəhbəri Abdulla Osman onun öldüyünü təsdiqləyib.
Osman Liviyadakı televiziya kanallarından birinə verdiyi açıqlamada Seyfülislam Qəddafinin silahlı hücum nəticəsində həlak olduğunu bildirib. Onun sözlərinə görə, dörd silahlı şəxs əvvəlcə təhlükəsizlik kameralarını sıradan çıxarıb, daha sonra Qəddafinin evinə basqın edərək onu öldürüb.
Seyfülislam Qəddafinin vəkili Halid əz-Zaidi də “Facebook”dakı paylaşdığı açıqlamada müvəkkilinin öldürüldüyünü təsdiqləyib.
“Bu faciəli hadisədə güzəştə getməyi, susmağı və geri çəkilməyi rədd etdiyi üçün xəyanət mərkəzlərinin qurbanına çevrilən Seyfülislam Qəddafinin şəhadəti ilə əlaqədar Liviya xalqına və onun yaxınlarına başsağlığı veririk. Adamları öldürməklə davaları susduracaqlarını və ya səsləri kəsməklə ideyaları yox edəcəklərini düşünüblərsə, yanılırlar”, – deyə Zaidi yazıb.
Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyinə tabe olan 444-cü Briqada isə adının hallandığı sui-qəsd xəbərlərini təkzib edib. Hərbi birliyin açıqlamasında qeyd olunub ki, Seyfülislam Qəddafinin yaşadığı Zintan bölgəsində 444-cü Briqadanın hər hansı bölməsi mövcud deyil.
Xatırladaq ki, Müəmmar Qəddafinin digər oğlu Hannibal 10 illik həbsdən sonra ötən ilin sonlarında azadlığa buraxılmışdı.
Cavid, BakuPost