Vətəndaşlar yığımlarını qorumaq və artırmaq üçün qızıl almaqla bank əmanəti arasında seçim edərkən bu vasitələrin gəlirliliyini və risklərini nəzərə almalıdırlar. Hər iki investisiya alətinin özünəməxsus üstünlükləri və riskləri var.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli
“Bakupost”a qızılın da bütün digər investisiya alətləri kimi risk daşıdığını bildirib. Onun sözlərinə görə, qızıla yatırımın mütləq gəlir gətirəcəyinə zəmanət yoxdur. Hətta ilin əvvəlindən qızıla investisiya edənlər təxminən 5%-ə qədər gəlir itirmiş ola bilərdilər. Bununla belə, iqtisadçı investisiya portfelində qızıla da müəyyən pay ayrılmasını məqsədəuyğun hesab edir.
X.Kərimli qızılı zinət əşyası formasında almaqla investisiya məqsədilə qızıl əldə etməyin fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qızıla yatırım etmək istəyənlər külçə və ya sikkə formasında qızıl ala, yaxud qızılın qiymətini izləyən səhmlərə, istiqrazlara və digər qiymətli kağızlara investisiya edə bilərlər.
İqtisadçı qeyd edib ki, zinət əşyalarının investisiya məqsədilə alınması sonradan ciddi maliyyə itkisinə səbəb ola bilər. Belə əşyalar satış zamanı qızıl külçələri qədər likvid olmur. Zinət əşyasının dəbi keçə və ya alıcının zövqünə uyğun gəlməyə bilər. Bu halda satıcı əşyanı satmaq üçün qiymətdə güzəşt etməyə məcbur qala bilər. Buna görə də fiziki qızıla yatırım etmək istəyənlərə külçə və ya sikkə formasına üstünlük vermək tövsiyə olunur.
X.Kərimli qızıla investisiyanın əsas risklərini də açıqlayıb. Onun sözlərinə görə, qızıl investora dividend və ya faiz gəliri gətirmir. Bu investisiya alətindən əldə edilə biləcək qazanc yalnız qiymətin artması ilə bağlıdır. Qızılın qiyməti dünya birjalarında formalaşır və onlarla amildən asılıdır.
İqtisadçı bildirib ki, qızıla yatırım zamanı əsas risk gözlənilən qiymət artımının baş verməməsi, hətta qiymətin azalmasıdır. Belə olduqda investor yatırdığı vəsaitin bir hissəsini, o cümlədən ilkin kapitalının müəyyən hissəsini itirə bilər.
O, qızılın qiymətinin hər zaman artmadığını da vurğulayıb. Qızılın qiyməti düşə, yüksələ, sabit qala və ya illərlə cüzi dəyişə bilər. Buna görə də qızıldan aylıq gəlir gözləmək düzgün deyil. İqtisadçının fikrincə, qızıl daha çox uzunmüddətli yığım və vəsaitin qorunması vasitəsi kimi nəzərdən keçirilməlidir.
Bank əmanətləri ilə qızıl arasındakı seçimə gəlincə, X.Kərimli bunun insanın maliyyə məqsədindən asılı olduğunu bildirib. Onun sözlərinə görə, aylıq faiz gəliri əldə etmək istəyənlər üçün bank əmanəti daha uyğun seçimdir. Vəsaitini uzun müddət saxlamaq və yığımlarının bir hissəsini qızıla yönəltmək istəyənlər isə qızıla investisiya edə bilərlər.
Vüsalə Hüseynova,
BakuPost