Qızılın qiyməti 2026-cı ildə kəskin tərəddüdlərlə müşahidə olunur. Son bir ildə qızılın qiyməti 10 faiz artsa da, ilin əvvəlindən etibarən müəyyən ucuzlaşma qeydə alınıb.
İqtisadçı
Xalid Kərimli “Bakupost”a bildirib ki, qızılın qiymətinə təsir edən əsas amillərdən biri enerji qiymətlərinin artmasıdır.
Onun sözlərinə görə, ABŞ-İran qarşıdurması, ABŞ-İran müharibəsi və Hörmüz boğazında baş verən proseslər neft qiymətlərini kəskin yüksəldir. Nəticədə neft qiymətlərinin artması qlobal inflyasiya gözləntilərini artırır.
“İnflyasiya gözləntiləri artanda Amerika Mərkəzi Bankı faiz dərəcəsini sərtləşdirmə siyasəti həyata keçirir. Necə ki, biz ötən həftələrdə Amerika Mərkəzi Bankının son üç ildə ilk dəfə faiz dərəcəsini artırdığını müşahidə etdik. Faiz dərəcələrinin artması isə qızılın qiymətlərini aşağı itələyir”, – deyə iqtisadçı bildirib.
X.Kərimli qeyd edib ki, burada əsas məqam neft qiymətlərinin yüksəlməsinin qlobal inflyasiya gözləntilərini artırmasıdır. Qlobal inflyasiya gözləntilərinin artması isə faiz dərəcələrinin yüksəldiləcəyi və pul siyasətinin sərtləşdiriləcəyi ehtimalını yaradır. Bu da qızılın qiymətlərinin aşağı düşməsinə səbəb olur.
İqtisadçı bununla yanaşı, dünya mərkəzi banklarının qızıl alışlarını davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, 2026-cı ilin ikinci rübündə mərkəzi banklar rekord həcmdə – 289 ton qızıl alıb.
“Qızıl alışları mərkəzi banklar tərəfindən davam etdirilir. Amma gündəlik və həftəlik hərəkətlərdə neft birjasından, əmtəə birjasından gələn enerji qiymətlərinin artması xəbəri qızılın qiymətini aşağı salan faktordur”, – deyə X.Kərimli bildirib.
O qeyd edib ki, 2026-cı ilin ilk 8 ayının statistikasına əsasən, neft qiymətləri yüksəldikcə qızılın qiymətinin enməsi, neft qiymətləri aşağı düşdükdə isə qızılın bahalaşması müşahidə olunur.
Vüsalə Hüseynova,
BakuPost