Ru
20:00 / 29 Yanvar 2026

Qızıl niyə sürətlə bahalaşır? - SƏBƏB

Qızıl niyə sürətlə bahalaşır? - SƏBƏB
Eye

Dünya bazarlarında qızılın qiyməti sürətlə artmaqdadır.

Bakupost.az xəbər verir ki, Oxu.Az-a mövzu ilə bağlı açıqlama verən Türkiyənin Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce bu artımın əsas səbəbinin beynəlxalq münasibətlərdə müşahidə olunan qeyri-sabitlik olduğunu bildirib:

Onun sözlərinə görə, qızılın qlobal miqyasda bahalaşmasının başlıca səbəblərindən biri makroiqtisadi qeyri-müəyyənlik və geosiyasi risklərin artmasıdır. Böyük güclər arasında strateji rəqabət, regional müharibələr, enerji nəqlində yaranan problemlər və ticarət yollarında təhlükəsizlik məsələləri investorları "etibarlı liman" kimi qəbul edilən qızıla yönəldir. Qızıl alışının artdığı dövrlərdə bu metal maliyyə aktivləri qarşısında dəyər qazanan bir alətə çevrilir. Hazırda Orta Şərq, Şərqi Avropa və Asiya-Sakit okean bölgəsində artan gərginlik bu meyli daha da gücləndirir.

Professor qeyd edib ki, qızıl qiymətlərinə təsir göstərən ikinci mühüm amil pul siyasəti və qlobal likvidlik şərtləridir. Yüksək inflyasiya ilə mübarizə dövründə mərkəzi bankların tətbiq etdiyi sərt pul siyasəti bir tərəfdən faiz gəliri olan aktivləri cəlbedici etsə də, digər tərəfdən uzunmüddətli perspektivdə valyutalara olan etibarı zəiflədir. Xüsusilə ABŞ dolları və avro kimi ehtiyat valyutalarının dəyər itirməsi qızılı inflyasiyaya qarşı qoruyucu vasitəyə çevirir. Bu kontekstdə mərkəzi bankların qızıl ehtiyatlarını artırması qiymətlərə sabitləşdirici təsir göstərir.

M.Yücenin fikrincə, beynəlxalq maliyyə sistemində baş verən struktur dəyişikliklər və dollarlaşmanın məqsədəuyğunluğu ilə bağlı yaranan tərəddüdlər də qızıla tələbatı artırır. Xüsusən inkişaf etməkdə olan ölkələr ehtiyatların diversifikasiyası məqsədilə qızılın payını artırmağa üstünlük verirlər. Eyni zamanda, rəqəmsallaşma, kriptoaktivlərin yüksək dəyişkənliyi və maliyyə bazarlarında spekulyativ risklərin artdığı bir şəraitdə qızıl dəyərini qoruyan azsaylı aktivlərdən biri kimi ön plana çıxır.

Professor vurğulayıb ki, bu səbəblərə görə qızıl qiymətlərindəki artımı qısamüddətli bazar dalğalanması kimi deyil, qlobal sistemdə baş verən sarsıntıların əksi kimi qiymətləndirmək lazımdır.

Yüce əlavə edib ki, qızılın bahalaşması yalnız müvəqqəti bazar prosesləri ilə izah edilə bilməz. Geosiyasi qeyri-müəyyənlik, maliyyə-kredit siyasətinə inamın azalması və qlobal maliyyə sistemindəki dəyişikliklər qızılı yenidən strateji dəyər saxlama vasitəsinə çevirib. Bu baxımdan qızılın qiymət artımı qlobal iqtisadi və siyasi problemlərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar