Ru
12:47 / 24 İyul 2026

Bakıda bu universitet BAĞLANIR - Köçürülmə prosesi açıqlandı

Bakıda bu universitet BAĞLANIR - Köçürülmə prosesi açıqlandı
Eye

Bakı Qızlar Universiteti bağlanmaq təhlükəsi ilə üz-üzədir. İnstitusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticələrinə əsasən ali təhsil müəssisəsi “uyğun deyil” kimi qiymətləndirilib. Bununla bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Məsələ cəmiyyətdə ciddi narahatlıq doğurub. Xüsusilə universitetdə təhsil alan tələbələr və onların valideynləri sosial şəbəkələrdə vəziyyətlə bağlı narazılıqlarını və suallarını paylaşırlar.

Bəs universitet bağlanarsa, tələbələrin taleyi necə olacaq?

Məsələ ilə bağlı “Bakupost”a açıqlama verən təhsil eksperti Ramil Nurəliyev bildirib ki, akkreditasiyanın mənfi nəticəsi universitetin bağlanması anlamına gəlmir. Onun sözlərinə görə, son qərar aidiyyəti qurumlar tərəfindən veriləcək:

“Hər şey ola bilər. Lakin valideynlər və tələbələr narahat olmamalıdırlar. Əvvəlki illərdə hansısa ali təhsil müəssisəsinin bağlanması halları olub. Təfəkkür Universiteti, Bakı Asiya Universiteti və Beynəlxalq Universitet bağlanarkən bəzi tələbələrin problemlə üzləşməsinin əsas səbəbi onların həmin ali məktəblərə qeyri-qanuni yollarla qəbul olunması idi.
Əgər tələbə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan nəticəsinə əsasən hər hansı dövlət və ya özəl ali təhsil müəssisəsinə qəbul olunubsa, həmin universitet bağlansa belə, tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesi həyata keçirilir. Dövlət bu tələbələrin təhsilinin davam etdirilməsi üçün müvafiq dəstəyi göstərir. Bunun nümunəsini Qafqaz Universitetinin bağlanmasından sonra gördük. Bakı Mühəndislik Universiteti yaradıldı və tələbələrin təhsillərini davam etdirmək imkanı təmin olundu. Eyni yanaşma digər ali təhsil müəssisələrinə də şamil edilir”.

Ekspert qeyd edib ki, Bakı Qızlar Universitetində kifayət qədər tələbə təhsil alır və onların gələcəyi dövlətin diqqətindədir:

“Belə fikir formalaşmamalıdır ki, universitet bağlanacağı təqdirdə tələbələr təhsildən kənarda qalacaq. Hər hansı ali təhsil müəssisəsi bağlanarsa, həmin tələbələr dövlət nəzarəti altında mərhələli şəkildə digər universitetlərə köçürülür. Naxçıvan Özəl Universitetinin bağlanmasından sonra da eyni proses həyata keçirildi. Tələbələr Naxçıvan Dövlət Universitetinə və digər ali təhsil müəssisələrinə köçürüldülər.

Valideynlər və tələbələr bilməlidirlər ki, narahat olmağa əsas yoxdur. Bəzi valideynlər övladlarını universitetdən çıxarıb xarici ali məktəblərə yönləndirməyə çalışırlar. Lakin dövlət tələbələrin təhsilinin davam etdirilməsi üçün bütün zəruri addımları atacaq”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar