Rusiya prezidenti Vladimir Putin noyabr ayında ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Ukrayna məsələsinin "Moskva üçün əlverişli" şərtlərlə həllini müzakirə etmək üçün görüş təklif edib.
“Bakupost” xəbər verir ki, "The Wall Street Journal" qəzeti mənbələrə istinadən belə bir məlumat yayıb.
Xatırladaq ki, zirvə görüşü təklifi, xüsusən də ABŞ prezidentinin Rusiya dizel yanacağının alınması ilə bağlı müqavilə elan etməsindən və Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən Qrem Aktının dayandırılması barədə sərəncam imzalamasından sonra Moskva ilə Vaşinqton arasında münasibətlərin istiləşməsi fonunda irəli sürülüb.
Nəşr iddia edir ki, Putinin təklifi 9 oktyabrda Trampla telefon danışığı zamanı irəli sürülüb. Mənbələr "The Wall Street Journal"a bildiriblər ki, Kreml 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi təklif edib.
Politoloq Zərdüşt Əlizadə
“Bakupost”a bildirib ki, belə bir üçtərəfli görüş ehtimalı mümkündür:
“Belə görüşlər texniki məsələdir. Hansısa coğrafi məkanda liderlər gəlib görüşüb, danışaraq istədikləri məsələni müzakirə edirlər. Hətta bu zaman onların hansısa bir razılığa gəlməsi də mümkündür”.
Bununla yanaşı, müsahibimiz həmin görüşdə belə nəticənin əldə ediləcəyi, edilsə belə onun həyata keçəcəyinə şübhə ilə yanaşır:
“Həmin görüşdə nəticənin olub-olmayacağı və yaxud əldə edilən razılığın həyata keçməsi məsələsi sual altındadır. Çünki Rusiyanın Ukrayna ilə bağlı tələbləri həddən artıq qanuna zidd, ifrat və həyasız tələblərdir. Bu tələblər Ukrayna xalqı, xüsusən də döyüş meydanında canını fəda edən zabit və əsgərlər tərəfindən qəbul ediləcəkmi?”
Politoloqun sözlərinə görə, Avropa Ukraynanın tərəfində dursa da, burada da vahid mövqeyin aşınması prosesi gedir:
“Cəmiyyətdə hədsiz xərclərə qarşı çıxış edən siyasi qüvvələrin mövqeyi güclənir. Bu özünü xüsusən də Almaniya və Fransada göstərir. Buna görə də Avropanın sonadək Ukraynanın mövqeyini müdafiə edib-etməyəcəyi bilinmir. Hər halda son söz Ukrayna xalqı və ordusunundur”.
Rüfət Sultan,
BakuPost