Azərbaycanda qumar oyunlarında təkrar iştiraka görə inzibati həbs tətbiq ediləcək.
“Bakupost” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən, qumar oyununda iştirak etməyə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs bir il ərzində eyni əməli təkrar törətdikdə 5000 manat məbləğində cərimə ediləcək və ya işin hallarından, eləcə də qayda pozuntusuna yol verən şəxsin şəxsiyyətindən asılı olaraq 15 günədək inzibati həbs olunacaq.
Eyni zamanda, oyun avadanlığı, qumara qoyulmuş pul və digər əmlak, həmçinin əldə edilmiş uduş və ya digər gəlirlər müsadirə ediləcək.
Milli Məclisin deputatı
Aydın Mirzəzadə “Bakupost”a bildirib ki, qumar oyunları sosial bəla olduğundan onunla hərtərəfli mübarizə aparılmalıdır:
“Bir tərəfdən ictimai qınaq, ictimai tərbiyə, digər tərəfdən isə inzibati yolla bu işlərlə məşğul olanların cəzalandırılması vacibdir. Təəssüf ki, hələ də belə hallarla rastlaşırıq. Ona görə də dövlət vaxtaşırı bu məsələdə mövqeyini sərtləşdirir”.
Deputatın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi insanları bu kimi sosial bəlalardan uzaqlaşdırmaqdır:
“Məqsəd qumarın cəmiyyətə, insanlara və ailələrə vurduğu zərərin qarşısını almaqdır”.
Rüfət Sultan,
BakuPost