Ru
22:06 / 25 May 2026

Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik

Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
Eye

“İri buynuzlu heyvan, məsələn, camış, inək, həmçinin dəvə üçün yeddi nəfərə qədər insan bir araya gəlib qurban ibadətində iştirak edə bilər. Lakin bu, qoyun və keçiyə şamil olunmur”.

Bakupost.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a ilahiyyatçı Ağa Hacıbəyli deyib.

O bildirib ki, bunun imkansızlıqla və ya maddi vəziyyətlə əlaqəsi yoxdur, sadəcə, ümumən şəriətin hökmüdür:

“Bundan başqa, qurban kəsərkən diqqət etməli olduğumuz məqamlar var. Xüsusilə də qurban seçilən heyvan baxımlı, sağlam, gözəl görünüşlü olmalıdır. Heyvan qüsurlu olmamalı, buynuzu sınıq, qulağı kəsik, gözü kor, xəstə və ya həddindən artıq arıq olmamalıdır. Əksinə, kök, sağlam heyvan seçilməlidir. Çünki insan ən gözəlini Allah üçün ayırır.

Qurban ətinin paylanacağı insanları da düzgün seçmək vacibdir. Ətrafımızda ehtiyac içində yaşayan insanlar var. Aylarla evinə ət girməyən kasıb və aztəminatlı ailələr mövcuddur. Bu mübarək günlərdə onları sevindirmək çox önəmlidir. Qurani-Kərimdə buyurulur ki, “Kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan sizin təqvanız, səmimiyyətiniz və ixlasınızdır”. Bu baxımdan, bu gözəl günlərdə ən gözəl əməllərdən biri qurban kəsməkdir”.

Ağa Hacıbəyli deyib ki, qurbanı bayram namazından sonra kəsmək yaxşıdır:

“Çünki bayram namazı duha, yəni quşluq vaxtında qılınır və təxminən səhər saat 9-10 radələrinə təsadüf edir. Əgər qurban heyvanı bayram namazından əvvəl kəsilərsə, bu adi heyvan kəsimi sayılar. Bayram namazından sonra kəsilərsə, qurban ibadəti hesab olunar. Kəsdiyimiz heyvana qarşı da diqqətli və mərhəmətli olmalıyıq. Allah Rəsulu buyurur ki, “Kəsdiyiniz heyvana diqqət edin. Çünki o, sizin axirət sərmayənizdir”. Bıçağı heyvanın gözünün qabağında itiləmək doğru deyil. Qurbanlıq heyvanı incitmək olmaz. Qurbanın kəsildiyi yerin təmizliyinə də riayət etməliyik. Bir müsəlman olaraq dinimizi gözəl şəkildə təmsil etməliyik. Çünki dinimiz təmizliyi sevən bir dindir. Allah-Təala bizdən həm təmiz niyyət, həm təmiz ibadət, həm də təmiz mühit istəyir. Buna görə də qurban kəsilən yerləri təmiz saxlamağa diqqət etməliyik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar