Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı qalmaqal davam edir.
Ötən həftə məlum olub ki, Mehdiyev vaxtilə tutduğu bir sıra vəzifələrdən azad edilib.
Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, 12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 797 nömrəli sərəncam imzalanıb. Sərəncamla bağlı bir sıra detallar "e-qanun" platformasında dərc edilən rəsmi sənədlərdə məlumat yer alıb.
Sərəncama əsasən, Mehdiyevin adı 4 rəsmi sənəddən silinib:
1. Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında
2. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
3. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında
4. Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında.
Beləliklə, Ramiz Mehdiyevin uzun illər formalaşdırdığı təsir mexanizmləri sistemdən mərhələli şəkildə çıxarılır. Dövlət institutları onun adı ilə bağlı bütün izləri hüquqi və inzibati müstəvidə təmizləyir.
Artıq Mehdiyevin fəaliyyəti dövlətə xəyanət ittihamı fonunda qiymətləndirildiyi üçün onun adının rəsmi qurumlardan silinməsi həm siyasi, həm də institusional baxımdan qaçılmaz prosesdir.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
