Ru
17:57 / 23 İyun 2026

Rayonda 1, Bakıda 5 manata: Qiymət fərqinin sirri açıldı

Rayonda 1, Bakıda 5 manata: Qiymət fərqinin sirri açıldı
Eye

Rayonlarda fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının aşağı qiymətə satılmasına baxmayaraq, eyni malların Bakıda bir neçə dəfə baha təklif olunması illərdir müzakirə edilir. Bu qiymət fərqinin yaranmasında nəqliyyat və logistika xərclərinin, vasitəçilərin, yoxsa bazardakı digər amillərin daha çox rolu var? Bəs yerli məhsulun istehsalçıdan istehlakçıya qədər bahalaşmasının əsas səbəbi nədir?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, regionlarda yetişdirilən məhsulların Bakıda qat-qat baha satılması ilk baxışda sadə iqtisadi məsələ təsiri bağışlasa da, əslində bu, sistem səviyyəsində formalaşmış problemlərin nəticəsidir.

“Əsas səbəblərdən biri vasitəçilik zəncirinin həddindən artıq uzun olmasıdır. Fermer məhsulunu tarlada ucuz qiymətə satmağa məcbur qalır. Çünki onun soyuducu anbarlara, nəqliyyat imkanlarına və birbaşa satış kanallarına çıxışı məhduddur. Məhsul isə sonradan bir neçə vasitəçinin əlindən keçərək hər mərhələdə əlavə mənfəət marjası ilə bahalaşır. Nəticədə tarlada aşağı qiymətə satılan məhsul paytaxtda bir neçə dəfə yüksək qiymətə təklif olunur”.

İqtisadçı qeyd edib ki, digər mühüm amil logistika və infrastruktur çatışmazlığıdır.

“Soyuducu anbarların kifayət qədər olmaması səbəbindən məhsulun bir hissəsi tarlada yararsız vəziyyətə düşür və ya dəyərindən aşağı qiymətə satılır. Bu vəziyyət fermeri məhsulu tez realizə etməyə məcbur edir, vasitəçilərə isə qiymət üstünlüyü qazandırır”.

A.Nəsirli bazarda şəffaflığın zəif olduğunu da vurğulayıb.

“Fermerlər əksər hallarda Bakı bazarlarında formalaşan real qiymətlər barədə dolğun məlumata malik olmurlar. Bu məlumat fərqindən istifadə edən vasitəçilər isə daha çox qazanc əldə edirlər.

Dövlət tərəfindən müəyyən layihələr və təşəbbüslər həyata keçirilsə də, bunlar problemin köklü həllinə gətirib çıxarmayıb. Çünki qiymət fərqini yaradan əsas mexanizmlər dəyişməz qalır və mövcud vasitəçilik sistemi müxtəlif maraqlar səbəbindən öz mövqeyini qoruyub saxlayır”.

Akif Nəsirlinin fikrincə, mövcud vəziyyət həm istehsalçıya, həm də istehlakçıya zərər vurur.

“Fermer öz əməyinin real qarşılığını ala bilmir, şəhər sakinləri isə yerli məhsulları yüksək qiymətə almağa məcbur qalırlar. Bu isə uzunmüddətli perspektivdə kənd təsərrüfatının inkişafına mənfi təsir göstərərək kəndlərdən əhalinin axınına və idxaldan asılılığın artmasına səbəb ola bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar