Ru
13:47 / 03 Avqust 2026

Restoranlarda servis haqqı hansı hallarda qanunsuzdur?

Restoranlarda servis haqqı  hansı hallarda qanunsuzdur?
Eye

Restoran və kafelərdə hesabın üzərinə əlavə edilən 10 faizlik servis haqqı yalnız müəyyən hallarda qanuni hesab oluna bilər. Müştəri bu ödəniş barədə əvvəlcədən məlumatlandırılmayıbsa, servis haqqının hesablanması istehlakçı hüquqlarının pozulması sayılır.

Bu fikirləri “Bakupost”a iqtisadçı ekspert Akif Nəsirli söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda servis haqqını birbaşa tənzimləyən ayrıca qanun olmasa da, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, eləcə də ticarət və ictimai iaşə qaydaları bu məsələyə aydınlıq gətirir.

Ekspert bildirib ki, əsas prinsip istehlakçının əvvəlcədən tam və aydın şəkildə məlumatlandırılmasıdır:

“Servis haqqı barədə müştəriyə əvvəlcədən – menyuda və ya girişdə yerləşdirilən elan vasitəsilə məlumat verilibsə və o bunu bilə-bilə sifariş edibsə, bu, razılıq kimi qiymətləndirilə bilər. Lakin əksər hallarda servis haqqı yalnız hesab təqdim edilərkən məlum olur ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır”.

Akif Nəsirli vurğulayıb ki, restoran və kafelər servis haqqını müştərinin razılığı olmadan birtərəfli qaydada hesabın üzərinə əlavə edə bilməz:

“Bu ödəniş barədə əvvəlcədən açıq məlumat verilməyibsə, müştəri servis haqqını ödəməkdən imtina edə bilər və buna görə heç bir hüquqi məsuliyyət daşımır.”

Ekspert qeyd edib ki, servis haqqı barədə əvvəlcədən məlumatın menyuda və ya girişdə açıq şəkildə göstərildiyi hallarda isə məsələ mübahisəli xarakter daşıya bilər. Bununla belə, bu vəziyyət inzibati və ya cinayət məsuliyyəti yaratmır, mülki-hüquqi mübahisə hesab olunur.

Akif Nəsirli istehlakçılara sifariş verməzdən əvvəl menyuda servis haqqının olub-olmadığını yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, bu barədə əvvəlcədən məlumat verilməyibsə, vətəndaş hesabdan həmin məbləğin çıxarılmasını tələb edə, problem həll olunmadığı halda isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər.

Ekspert əlavə edib ki, çekdə göstərilən hər bir ödəniş üzrə istehlakçının izahat və əsaslandırma tələb etmək hüququ qanunla qorunur. Bu hüququn həyata keçirilməsi isə həm istehlakçıların maariflənməsi, həm də xidmət sahəsində şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar