Oktyabrın 1-dən etibarən Xorvatiyada restoran və kafelərdə yemək və içkilərin qiymətlərinin göstərilməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
"Bakupost" xəbər verir ki, yeni qaydaya əsasən, menyuda məhsulun hazırkı qiyməti ilə yanaşı, “istinad qiyməti” də göstərilməlidir. Bu, həmin yemək və ya içkinin 2026-cı il sentyabrın 10-da qüvvədə olan qiymətidir.
Məsələn, hazırda bir fincan qəhvənin qiyməti 4 avrodursa, menyuda onun yanında sentyabrın 10-da tətbiq olunan qiymət də qeyd edilməlidir. Müştəri yalnız hazırkı qiyməti ödəyəcək. İkinci qiymət isə məhsulun dəyərindəki dəyişiklikləri müqayisə etmək üçün nəzərdə tutulub.
Tələb yalnız çap menyularına şamil edilmir. Restoranların internet saytlarında və yemək-içkilərin qiymətlərinin göstərildiyi küçə reklamlarında da hər iki qiymət qeyd olunmalıdır.
Qaydaları pozanlar üçün cərimələr nəzərdə tutulub. Ayrı-ayrı hallarda cərimənin məbləği 2 min avroya yaxın, bəzi şirkətlər üçün isə 27 min avroyadək ola bilər.
Xorvatiyada restoran sahibləri yeni qaydanı artıq tənqid etməyə başlayıblar. Zaqreb Restoran Sahibləri Assosiasiyasının rəhbəri Frans Letika iki qiymətin müştəriləri çaşdıra biləcəyini və restoranlarda anlaşılmaz vəziyyətlər yarada biləcəyini bildirib.
Onun sözlərinə görə, menyularda əlavə məlumatların göstərilməsi həm biznes, həm də müştərilər üçün əlavə yük yaradır.
Sahə nümayəndələri qaydalara nəzarətin yumşaldılacağına və ya bəzi müddəalara aydınlıq gətiriləcəyinə ümid edirlər. Lakin hazırda qərarda dəyişiklik edilməsi planlaşdırılmır.
Xorvatiya hakimiyyəti isə yeni tələbin əsas məqsədinin qiymətlərin şəffaflığını təmin etmək və istehlakçıların hüquqlarını qorumaq olduğunu bildirir.