Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenidən baş nazir Nikol Paşinyanın hədəfindədir.
Belə ki, baş nazir onun həbsi ilə bağlı anons verib.
Bakupost.az xəbər verir ki, Paşinyan seçkilərdən dərhal sonra keçmiş prezident barəsində hüquqi proseslərin sürətləndiriləcəyini bildirib.
O deyib ki, Robert Koçaryan çox tez bir zamanda və uzun müddətə həbsxanaya düşməlidir.
Qeyd edək ki, Robert Koçaryan Xocalı soyqırımında və Azərbaycana qarşı törədilmiş digər müharibə cinayətlərində ittiham olunur. O, eyni zamanda Ermənistanda 2008-ci ilin mart hadisələrinə görə məsuliyyət daşıyan əsas fiqurlardan biridir.
Hüquqşünas Qulamhüseyn Əlibəyli
Bakupost.az-a bildirib ki, Koçaryanla bağlı dedikləri ilk növbədə Paşinyanın seçki təbliğatı çərçivəsində söylədiyi fikirlərdir.
Eyni zamanda ekspert qeyd edir ki, Koçaryana münasibətdə Paşinyan seçkidə qalib gələrsə, səslərin nisbətindən asılı olaraq hərəkət edəcək:
“Mütləq çoxluq əldə edərsə, Paşinyan bir çox məsələləri dərhal həll etməyə çalışacaq. O cümlədən, rəqiblərini, rusiyayönümlü qüvvələri də dərhal neytrallaşdırmağa çalışacaq. Bu mənada, hazırkı baş nazirin seçkilərdə mütləq üstünlük əldə etməsilə Koçaryanın həbsi və məhkum edilməsi tamamilə mümkündür”.
Amma həmsöhbətimizə görə, hazırkı hakimiyyət əhəmiyyətli üstünlük əldə etməzsə, Koçaryan hələlik azadlıqda qalacaq və onunla bağlı prosedur uzanacaq:
“Birmənalı şəkildə qəti qərar qəbul olunmayacaq, amma məsələ daimi gündəmdə saxlanılacaq. Bu isə gələcəkdə də olsa Koçaryanın həbsi üçün əsasların reallaşmasına gətirib çıxaracaq”.
Hüquqşünasın sözlərinə görə, həbs olunduğu təqdirdə Azərbaycan da Koçaryanın ekstradisiyasını tələb edə bilər:
“Bildiyimə görə, Azərbaycanda onun barəsində cinayət işi qaldırılıb və o beynəlxalq axtarışa verilib. Hesab edirəm ki, Koçaryanın ekstradisiyası məsələsi sonrakı proseslər çərçivəsində, habelə sülh prosesinin bir amili kimi nəzərdən keçirilə bilər. Paşinyan da əslində belələrindən yaxa qurtarmaq üçün onları Azərbaycana təhvil verə bilər. Amma bütün bunların reallaşması daha çox Ermənistandakı seçkilərin nəticələrinin necə olacağından asılıdır”.
Rüfət Sultan, BakuPost