Ru
18:00 / 29 Sentyabr 2026

​Rubl limitinin nəticələri: Rusiyadakı azərbaycanlılar pullarını necə çıxaracaqlar?

​Rubl limitinin nəticələri: Rusiyadakı azərbaycanlılar pullarını necə çıxaracaqlar?
Eye

Rusiyada fiziki şəxslərin ölkədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eyni zamanda Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (20 min manat) artıq nağd pul çıxarılması qadağan edilib.

"Bakupost" xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Sənədə əsasən, fiziki şəxslərə Rusiyadan qeyd olunan ölkələrə 1 milyon rubldan artıq nağd Rusiya valyutası aparmaq qadağandır.

Məhdudiyyətlər hüquqi şəxslərə və fərdi sahibkarlara məbləğindən asılı olmayaraq tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Rusiyada fiziki şəxslər üçün nağd rublun ölkədən çıxarılmasına dair limit 100 min ABŞ dolları ekvivalentində müəyyən edilmişdi. Həmin məhdudiyyətlər Azərbaycan, Tacikistan və Özbəkistana şamil olunmurdu. Yeni fərmanla bu ölkələr də məhdudiyyətin əhatə dairəsinə daxil edilib.

Bu qərarın Rusiyadakı azərbaycanlılara nə kimi təsiri ola bilər?

Milli Məclisin deputatı Azər Allahverənov “Bakupost”a bildirib ki, bu kimi məhdudiyyətlər müxtəlif formalarda miqrantların maraqlarına ziddir:

“Bu addım miqrantlar üçün müəyyən çətinliklərlə müşayiət oluna bilər. Rusiya çalışır ki, müxtəlif mexanizmlər vasitəsilə valyutanın ölkə ərazisində saxlanılmasını təmin etsin. Rusiyada gözlənilən səfərbərlik reallaşarsa, bu ciddi bir maliyyə axınına səbəb olacaq. Bu zaman Rusiyanın öz vətəndaşları ilə bağlı da , xüsusən də kapitalın kənara çıxarılması məsələsində, yeni reallıqlar formalaşır”.
Atılan bu addım deputatın fikrincə, müəyyən dairələrdə Rusiyaya olan marağı azaldacaq:

“Rusiyada əmək fəaliyyətilə məşğul olub, müəyyən vəsait əldə etmək mümkün olduğu halda, onun çıxarılmasına müəyyən limit qoyulacaqsa, bu artıq həmin ölkəyə marağın azalmasına gətirib çıxara bilər”.

Yaranmış vəziyyətdə müsahibimiz hesab edir ki, müxtəlif qeyri-rəsmi kanallarla valyutaların çıxarılması halları arta bilər:

“2000-ci illərin əvvəllərində Azərbaycana il ərzində 4 milyard dollar vəsait köçürülürdü ki, onun da 2 milyard dolları qeyri-rəsmi kanalların payına düşürdü. Ehtimal olunur ki, yenə də miqrantlar vəsaitlərini çıxararkən qeyri-rəsmi kanallara müraciət etsinlər. Bu isə Rusiyanın marağına cavab verməyən “qara kapital”ın formalaşmasına gətirib çıxarar. Görünən odur ki, böyük ehtimalla yeni alətlərin və onun qarşısını ala biləcək preventiv mexanizmlərin işə salınmasına şahidlik edəcəyik”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar