Rusiyada Azərbaycandan gətirilən pomidor partiyasında virus aşkarlanıb.
"Bakupost" xəbər verir ki, Rusiyanın Şimal Dənizi üzrə “Rosselxoznadzor” idarəsinin əməkdaşları Murmansk şəhərində meyvə-tərəvəz məhsullarının saxlanıldığı anbarlarda yoxlama aparıblar.
Yoxlama zamanı Azərbaycandan gətirilən pomidor partiyasında sarı-qırmızı mozaik naxışlar, nekrotik ləkələr və deformasiyalar aşkar edilib.
Mütəxəssislər bunun pepino mozaika virusuna yoluxma əlamətləri ola biləcəyini bildiriblər.
Laboratoriya müayinələri nəticəsində pomidorların virusa yoluxduğu təsdiqlənib.
Bundan başqa, pomidorların digər məhsullardan ayrı saxlanılmadığı və yoluxma əlamətləri barədə aidiyyəti quruma məlumat verilmədiyi müəyyənləşdirilib.
Sahibkara aşkar edilmiş pozuntuların aradan qaldırılması tapşırılıb. Onun inzibati məsuliyyətə cəlb olunacağı bildirilir.
Qeyd olunub ki, virusa yoluxmuş pomidor partiyası məhv ediləcək.