Avropa İttifaqına (Aİ) yaxınlaşmaq kursu götürdüyündən Ermənistanı Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarmaq istəyən Moskva əvəzində bu qurumda Azərbaycanı görmək istəyir.
Ən azından bəzi Rusiya rəsmilərinin açıqlamaları belə qənaətə gəlməyə əsas verir.
Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasına yardım göstərməyə hazırdır. Qaluzinin sözlərinə görə, Rusiya Azərbaycanla iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə lazımi dəstəyi verməyə hazırdır.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmağa ehtiyacı yoxdur:
“Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı Avropa Birliyi ölkələri, İtaliyadır. Ölkəmizin ixracatının 80 faizi AB və digər Avropa ölkələrilə bağlıdır. İdxalda isə Çinlə əməkdaşlığımız daha çoxdur. Düzdür, Rusiya da ticarət tərəfdaşlarımız arasında ilk üçlükdədir. Eyni zamanda, bu ölkə ilə kifayət qədər ikitərəfli müqavilələrimiz də var. Bundan başqa, Aİİ-yə daxil olan türkdilli dövlətlər, Qazaxıstan və Qırğızıstanla da geniş ikitərəfli əlaqələrimiz mövcuddur. Belədə, Azərbaycanın Aİİ-yə üzv olması üçün heç bir stimul yoxdur”.
Rüfət Sultan, BakuPost