Rusiya artıq Avropa ölkələrinə hücumla bağlı detallı planlar hazırlayıb.
"Bakupost" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Onun sözlərinə görə, bununla bağlı Ukrayna və Avropa kəşfiyyat xidmətlərinin məlumatı var. Nazir bildirib ki, söhbət konkret ölkələrin hədəf götürüldüyü və mümkün ssenarilərin ətraflı işlənib hazırlandığı planlardan gedir.
Sibiqa qeyd edib ki, Avropa bu cür ssenarilərin həyata keçirilməsinin qarşısını almaq üçün hazırlaşmalıdır.
Sibiqanın sözlərinə görə, Avropa faktiki olaraq artıq Rusiya ilə qarşıdurma vəziyyətindədir. O bildirib ki, Avropa İttifaqı ərazisində baş verən diversiya və sabotajlar artıq sadəcə “hibrid əməliyyatlar” deyil, Rusiyanın Avropaya qarşı apardığı müharibənin bir hissəsidir.
Lakin ukraynalı nazir mümkün hədəflərin hansı ölkələr olduğunu və sözügedən ssenarilərin konkret nədən ibarət olduğunu açıqlamayıb.
Hərbi ekspert Üzeyir Cəfərov
“Bakupost”a bildirib ki, Sibiqanın açıqlaması sıradan bir açıqlama deyil:
“Bunlar kəşfiyyat məlumatları əsasında söylənilən fikirlərdir. Bu fikrə ciddi yanaşsam da, Rusiyanın Avropa ölkələrinə hücum potensialının o qədər də yüksək olmadığı qənaətindəyəm”.
Ekspertin sözlərinə görə, Rusiya bu kimi təhdidlərlə sadəcə olaraq Avropanı şantaj edir ki, onlar Ukraynaya yardım etməkdən çəkinsinlər. O qeyd edir ki, əslində Rusiya Avropa ilə baş-başa gələcək gücdə deyil:
“Bir tək Ukrayna ilə bacarmayan Moskva da gözəl anlayır ki, NATO üzvü olan Avropaya hücum edərsə, ilk növbədə özü sarsıdıcı zərbə ala bilər. Bu sayaq informasiyalarla Rusiya özünün hələ də güclü olduğu obrazını da formalaşdırmağa çalışır. Amma açıq şəkildə aydındır ki, bundan sonra Rusiyanın nəyəsə nail ola biləcəyi qeyri-mümkündür. Ona görə də belə məlumatlara ciddi önəm verməyin tərəfdarı deyiləm. Bu cür tragikomik mənzərələri çox görmüşük. Düzdür, Avropa ölkələri hər şeyə hazır olmalıdır, Rusiya son məqamda hansısa təxribatlara gedə bilər. Arxalanmaq olmaz və Avropa da deyilənlərə rəğmən hərəkətə keçməlidir”.
Ekspert qeyd edir ki, Rusiya son zamanlar London və Berlini hədəf alıb:
“Kreml son zamanlar Böyük Britaniya, Almaniya və postsovet məkanındakı adını çəkmədiyi ölkələri hədələyir. Bu fonda Böyük Britaniya və Almaniyanın adı hətta Putinin öz dilindən səslənib. Kreml tərəfindən Polşa ilə bağlı da, 2-3 günə tutacaqları barədə bleflər səsləndi. Bu fikirlərin real arxası olmalıdır. Amma aydındır ki, onun heç bir arxası yoxdur. Çünki adı çəkilən ölkələr NATO üzvləridir”.
Rüfət Sultan,
BakuPost