Ru
16:32 / 19 Avqust 2025

“Rusiya bütün şərtlərini diktə edə bilməyəcək” – Politoloq

“Rusiya bütün şərtlərini diktə edə bilməyəcək” – Politoloq
Eye

Son günlərdə Rusiya və Ukrayna arasında münaqişənin gələcəyi ilə bağlı diplomatik aktivlik yenidən artıb. ABŞ-də keçirilən görüşlər və prezident Trampın təşəbbüsü ilə aparılan danışıqlar sülh imkanlarını yenidən gündəmə gətirib. Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimr Zelenski ilə görüşə razılıq verməsi və bu prosesdə Trampın fəal iştirakı nikbin ehtimallar yaradır.

Politoloq Zaur İbrahimli mövcud vəziyyəti Bakupost.az -a şərh edib. Onun sözlərinə görə, ötən gecə baş tutan görüşlər Ukraynanın taleyi ilə bağlı fikirləri dəyişdirib:

“Bu görüş hər şeyin Ukrayna üçün o qədər də pis olmadığını göstərdi. Alyaska danışıqlarından sonra Ukrayna üçün kapitulyasiya ssenariləri ortaya çıxmışdı. İndi məlum oldu ki, Avropa liderləri ilə müzakirədən sonra Trampın baxışları dəyişib.

Zelenskinin açıqlamalarını analiz etsək, o, daha güvənli danışır. Açıq şəkildə hiss olunur ki, rəsmi Kiyev və Avropa liderləri atəşkəsin baş tutması prioritetini ön planda saxlayıblar, həmçinin hələ də bu məqsədlərindən əl çəkməyiblər. Bu məsələdə Trampın təzyiqlərinin effekt vermədiyi anlaşılır. Bu, Ukrayna üçün yaxşı xəbər sayıla bilər. Eyni zamanda Trampın Ukraynanın təhlükəsizliyinə təminat verəcək şərtlərin reallaşması ilə bağlı Avropanın təkliflərinə yaxın olduğunu görürük. Burada güclü Ukrayna ordusunun yaradılmasını, hərbi gücünə məhdudiyyət qoyulmamasını, hərbi sazişlərin imzalanması və s. nəzərdə tutulur.

Politoloq ehtimal olunan sülhlə bağlı proqnozlarını da açıqlayıb:

“Avropa İttifaqı ölkələri bu məsələdə həmrəydirlər, NATO da onlara dəstək verir. Əgər Ukrayna üçün ciddi təhlükəsizlik təminatları veriləcəksə və Ukrayna ordusuna məhdudiyyət qoyulmayacaqsa, gələcəkdə Rusiyanın Ukraynaya siyasi müdaxiləsinə imkan verməyəcək zəminlər yaradılacaqsa, eyni zamanda indiki təmas xətti saxlanılaraq atəşkəs əldə olunacaqsa, bu, Ukrayna üçün ən optimal çıxış yoludur. Bundan başqa Ukraynaya gələcəkdə müstəqil inkişaf etmək imkanı veriləcək ki, Kiyevin hazırda mübarizə apardığı əsas məqsəd budur. Bunun əksinə olan digər şərtlər Ukrayna üçün yaxşı gələcək vəd etmir. Bu, onun suverenliyinin məhdudlaşdırılması demək olacaq, həmçinin ölkənin gələcəyi üçün ciddi təhdidlər yaradır. Ehtimal etmək olar ki, prezident Zelenski və Avropa liderləri bu məqsəd üçün son ana qədər mübarizə aparacaqlar və yenə ehtimal etmək olar ki, ABŞ-ın münaqişədən çox asanlıqla çəkiləcəyini, Trampın bir kənara duracağını söyləyənlər də yanılırlar. Rusiya ilə yeni danışıqlar başlayacaq və mən hesab edirəm ki, Rusiyanın bütün şərtləri qəbul edilməyəcək. Ruslar öz mövqelərində güzəştə getməsələr, müharibə davam edəcək və Ukraynaya hərbi dəstək güclənəcək.”

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar