Moskva Məhkəməsi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş əməkdaşı Arseni Konovalovu 12 il müddətinə məhkum edib. Dövlətə xəyanətdə günahlandırılan sabiq diplomat cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Konovalov 2024-cü ilin martında xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq şübhəsi ilə Rusiya Federal Təhlükəsizlik Xidməti (“FSB”) tərəfindən həbs olunmuşdu. Məhkəmə qərarına görə, o, ABŞ kəşfiyyatına gizli məlumatlar ötürməkdə günahlandırılıb.
“FSB”-nin yaydığı bəyanatında deyilir ki, Konovalov dəfələrlə ABŞ-a ezamiyyətdə olarkən, xidməti vəzifələri zamanı əlçatan olmuş gizli məlumatları pul müqabilində Amerikanın kəşfiyyat strukturlarına ötürüb.
Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) üzrə aparılıb. Konovalovun cəzasına həmçinin 100 000 rubl cərimə (2150 manat) və müəssisədən azad edildikdən sonra 1 il məhdudiyyət də əlavə olunub.
Həbs qərarı 2025-ci ildə Rusiya məhkəmələri tərəfindən dövlət sirlərini qanunsuz şəkildə xarici kəşfiyyata ötürdüyü iddia edilən şəxslərlə bağlı məhkumiyyətlərin rekord səviyyəyə çatdığı bir dönəmə təsadüf edir.
Cavid, BakuPost