Ru
15:54 / 02 İyun 2026

Rusiya Gürcüstan vasitəsilə Ermənistana hücum planlaşdırır?

Rusiya Gürcüstan vasitəsilə Ermənistana hücum planlaşdırır?
Eye

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iddia edir ki, seçkilərdən sonra Paşinyanın qələbə çalması fonunda Rusiya “B” planına keçərək, məhz Gürcüstan ərazisindən istifadə etməklə Ermənistana müdaxilə edə bilər.

Onun sözlərinə görə, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsi və Putinin Ermənistanı hədələməsi Gürcüstan üçün çox təhlükəlidir.

Moskvanın Qazaxıstan neftinin Rusiya neft kəməri ilə Avropaya daşınmasını dayandırdığını yada salan Saakaşvili bildirib ki, daşınma üçün yeganə yol (əgər İranda mövcud rejim qalarsa) Gürcüstan olacaq.

Sabiq Prezident Rusiya Ermənistana qoşun yeridərsə, bunun ancaq Gürcüstan ərazisindən keçməklə mümkün olacağını söyləyib.
Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, mütləq Gürcüstanı da işğal edəcək.

Siyasi şərhçi Rəşad Bayramov Bakupost.az-a bildirib ki, bu cür iddialar daha çox siyasi ritorika və təhlükəsizlik narrativləri üzərindən qurulan ssenarilərdir:

“Belə bəyanatları real hərbi plan kimi yox, regionda gərginlik fonunda formalaşan siyasi mesaj kimi oxumaq daha düzgün olar”.

Müsahibimizin sözlərinə görə, Rusiyanın Ermənistana qoşun yeritməsi hazırkı geosiyasi və hərbi reallıq baxımından ehtimal edilmir:

“Rusiya onsuz da 102-ci hərbi bazası və sərhəd xidmətləri vasitəsilə Ermənistanda müəyyən hərbi mövcudluğa malikdir. Digər tərəfdən Rusiya üçün Ermənistana genişmiqyaslı yeni qoşun yeritmək bir neçə səbəbə görə çətindir. Birincisi, logistik və siyasi reallıqdır. Ermənistan Rusiya ilə birbaşa quru sərhədə malik deyil. Ona görə hansısa böyük hərbi kontingentin yerləşdirilməsi ya Gürcüstan, ya Azərbaycan, ya da İran üzərindən keçid tələb edir ki, bu da hazırkı regional balansda real görünmür”.

Digər tərəfdən, ekspert düşünür ki, indiki halda Rusiyanın hərbi potensialı da Ermənistana müdaxiləyə imkan verməz:

“Rusiya Ukrayna müharibəsi fonunda ciddi hərbi resurslarını cəbhə bölgəsində saxlayır. Yeni genişmiqyaslı əməliyyat açmaq Moskva üçün əlavə yük və risk deməkdir. Digər tərəfdən Ermənistan daxilindəki siyasi müqavimət və beynəlxalq reaksiya faktorunu da nəzərə almaq lazımdır. İrəvana açıq hərbi müdaxilə Rusiyanın Cənubi Qafqazdakı mövqeyini daha da zəiflədə və Qərbin regiona daha aktiv daxil olmasına səbəb ola bilər”.

R. Bayramov qeyd edir ki, Tiflisin bu məsələdə Moskvaya yardımçı olacağı da ağlabatan versiya deyil:

“Tiflis hazırda balanslaşdırılmış xarici siyasət aparmağa çalışır. Bir tərəfdən, Rusiya ilə açıq hərbi eskalasiyadan qaçır, digər tərəfdən isə Qərblə inteqrasiyanı davam etdirir. Bu kontekstdə Gürcüstanın öz ərazisindən Rusiya ordusunun keçidinə icazə verməsi faktiki olaraq mümkün görünmür. Çünki belə bir addım Gürcüstanın suverenliyi və daxili siyasi sabitliyi üçün ekzistensial risk yaradar. Cəmiyyət daxilində ciddi müqavimət və siyasi böhran qaçılmaz olar. Həmçinin bu, Gürcüstanı birbaşa regional müharibənin tərəfinə çevirər. 2008-ci il müharibəsindən sonra formalaşan təhlükəsizlik yanaşması Tiflisi Rusiya ilə birbaşa hərbi tranzit əməkdaşlığından uzaq saxlayır”.

Müsahibimiz hesab edir ki, Saakaşvilinin bu cür bəyanatlarına daha çox siyasi mobilizasiya və daxili auditoriyaya təsir məqsədi kimi baxmaq lazımdır.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar