Son zamanlar müxtəlif idman növləri üzrə beynəlxalq komitələr Ukraynaya qarşı təcavüzlə bağlı olaraq iştirakları qadağan olunan Rusiya idmançılarına yenidən yarışlara qatılması üçün “yaşıl işıq” yandırmağa başlayıblar.
Bakupost.az xəbər verir ki, bu istiqamətdə ilk addımı Beynəlxalq Olimpiya Komitəsi (BOK) atıb.
Bir neçə gün bundan əvvəl BOK Rusiyaya qarşı sanksiyaları ləğv edərək, rusiyalı idmançıların beynəlxalq yarışlara qayıtmasına yaşıl işıq yandırılması barədə qərar qəbul edib. BOK İcraiyyə Komitəsi Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması barədə 2023-cü ildən qüvvədə olan qərarı müvəqqəti olaraq ləğv edib. BOK-un tövsiyəsindən sonra digər qurumlar, məsələn, Beynəlxalq Stolüstü Tennis Federasiyası (ITTF) və Beynəlxalq Voleybol Federasiyası (FIVB) da rusiyalı idmançıların öz təşkilatları altındakı yarışlarda iştiraka qayıtmasını təsdiqləyiblər.
Belə görünür, beynəlxalq idman federasiyalarında bir çoxları Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Rusiyanı artıq bağışlamaq yolunu tutublar.
Politoloq Zərdüşt Əlizadə
Bakupost.az-a bildirib ki, cinayət adiləşəndə, ona qarşı hansısa cəza tədbirinin əhəmiyyəti də olmur:
“Qeyri-adi, sıradan kənara çıxan hadisə, qanun pozuntusu baş verirsə, ona etiraz olaraq beynəlxalq təşkilatlar, o cümlədən idman təşkilatları hansısa bir qadağanedici tədbirə əl atırlar. Qadağa ilə bəyan edirlər ki, Rusiyanın Ukraynaya təcavüzü qanun pozuntusudur”.
Amma ekspertin sözlərinə görə, proses uzandıqca bu kimi qanun pozuntuları adi gerçəkliyə çevrilir:
“Hamı buna öyrəşir. Sanki belə də olmalı idi. Nəticədə işğal siyasətinə son qoyulmasa da, vaxtilə qadağa qoyanlar qadağanı götürmək yolunu tuturlar. Rusiyanın Ukraynaya təcavüzü adi bir hala çevrilib. Ona görə də bəziləri idmanla bağlı qadağalara lüzum qalmadığı qənaətinə gəlirlər”.
Rüfət Sultan,
BakuPost