Ru
10:02 / 09 Yanvar 2026

Rusiya Lvovu “Oreşnik”lə vurdu – Strateji qaz anbarı hədəf alındı

Rusiya Lvovu “Oreşnik”lə vurdu – Strateji qaz anbarı hədəf alındı
Eye

Rusiya Silahlı Qüvvələri Ukraynanın qərbində yerləşən Lvov vilayətinə ballistik zərbə endirib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı müharibə dövründə ikinci dəfə “Oreşnik” raket kompleksindən istifadə olunub. Bu gün gecə saatlarında baş verən zərbə nəticəsində bölgədə bir neçə güclü partlayış qeydə alınıb. Hərbi ekspertlər zərbənin xarakterinə, sürətinə və partlayış gücünə əsaslanaraq raketin “Oreşnik” olduğuna əmindirlər. Lvov meri Andrey Sadovıy da hücumda istifadə olunan raketin ballistik olduğunu təsdiqləyib.

Vilayət hərbi administrasiyasının rəhbəri Maksım Kozıtski hücumun kritik infrastruktur obyektinə yönəldiyini açıqlayıb. Yerli sakinlər partlayışların son dərəcə güclü olduğunu, zərbənin şəhərdən kənarda yerləşən obyekt ərazisində hiss edildiyini bildiriblər.

Hərbi mənbələr hücumun Lvov vilayətinin Striy şəhərində yerləşən iri enerji obyektini hədəf aldığını yazır. Söhbət Ukraynanın ən böyük, eləcə də Avropanın enerji ehtiyatlarının saxlanılmasında mühüm rol oynayan “Striyski” yeraltı qaz anbarından gedir.

Hücumdan əvvəl Ukrayna monitorinq resursları Rusiya ərazisində yerləşən “Kapustin Yar” poliqonundan ballistik raket buraxılışı təhlükəsi barədə xəbərdarlıq etmişdi. Məhz bu poliqonda “Oreşnik” raket kompleksi saxlanılır.

“Oreşnik” ballistik raketi ilk dəfə 2024-cü il noyabrın 21-də Dnepr şəhərinə atılmışdı. Rusiyalı hərbi analitik Yan Matveev hücumun 2024-cü ildəki zərbə ilə eyni tipli olduğunu qeyd edib. Onun sözlərinə görə, raket dərin yeraltı obyektləri sıradan çıxarmaq üçün nəzərdə tutulmuş kinetik döyüş başlığı ilə təmin olunub və partlayıcı maddə daşımaya da bilər.

Kiyev də hücuma məruz qaldı

Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevi də raket və kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıb. Ukrayna rəsmilərinin məlumatına görə, hücum nəticəsində 4 nəfər həlak olub, 19 nəfər yaralanıb.

Bildirilib ki, yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Zərbələr paytaxtın bir neçə rayonunda yaşayış binalarına və infrastruktur obyektlərinə ziyan vurub. Xilasetmə və axtarış işləri davam edir.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar