Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ilin iyununda cəbhə xəttində təkbaşına göstərdiyi misilsiz rəşadət illər keçsə də, xarici medianın, xüsusilə də Rusiyanın rəqəmsal platformalarının diqqət mərkəzindədir. Son günlərdə rusdilli hərbi-tarixi bloqlar və sənədli layihələr tərəfindən tirajlanan genişmiqyaslı videoçarxlar, rus müəlliflərin Azərbaycan əsgərinin qəhrəmanlığına necə böyük ehtiram və heyrətlə yanaşdığını bir daha ortaya qoyub.
BakuPost xəbər verir ki, məşhur "Doktor Nova" layihəsinin hazırladığı sənədli materialda rusiyalı aparıcı 18 iyun gecəsi baş verənləri saniyə-saniyə, böyük bir diqqət və heyranlıqla tamaşaçılara çatdırır.
"Mübariz bir ordunu xaosa sürüklədi"
Sözügedən videoda rusiyalı analitik Mübariz İbrahimovun addımlarını təhlil edir. O, 22 yaşlı gənc bir əsgərin heç bir kənar dəstək almadan, gecənin qaranlığında 1 kilometrlik minalanmış xətti və müşahidə postlarını necə böyük ustalıqla keçdiyini vurğulayır.
Xüsusilə rusiyalı şərhçinin Mübariz haqqında işlətdiyi qürurverici ifadələr diqqət çəkir:
“O, düşmən səngərində təkbaşına elə bir döyüş aparırdı ki, sanki “Rembo” filminin kadrları canlanırdı. Amma bir fərqlə - bu gecə hər şey tamamilə gerçək idi. Düşmən qarşısında neçə nəfərin olduğunu anlaya bilmirdi, bütün ordu xaosa düşmüşdü. Halbuki onların hamısına qarşı vuruşan cəmi bir nəfər idi”.
“Hətta şəhid olduqdan sonra da ondan qorxurdular”
Rusiyalı müəllif materialda yalnız döyüşün gedişatını deyil, Mübarizin düşmən üzərində yaratdığı psixoloji üstünlüyü və vahiməni də xüsusi qeyd edir. Videoda rəsmi məlumatlara istinad edilərək, Mübarizin təkbaşına 45 düşmən hərbçisini zərərsizləşdirdiyi, silahı və patronu bitdikdə isə qarşı tərəfin silahlarını ələ keçirərək döyüşü səhərə qədər davam etdirdiyi vurğulanır.
Rus şərhçinin böyük bir təəssüratla qeyd etdiyi digər məqam isə düşmənin Mübarizin cansız bədənindən belə qorxması faktıdır:
“Qarşı tərəf bu gənc əsgərdən elə qorxurdu ki, o, şəhid olduqdan sonra belə əllərini bağlamışdılar. Sanki onun hər an yenidən ayağa qalxa biləcəyindən vahimələnirdilər”.
Rus mediasında yayılan bu cür materiallar bir daha sübut edir ki, Mübariz İbrahimovun adı təkcə Azərbaycanda deyil, onun hərbi şücaətini kənardan izləyən xarici ekspertlər və hərbi blogerlər üçün də unudulmaz bir cəsurluq etalonudur. Videonun sonunda rusiyalı aparıcının Mübariz İbrahimovu “Düşmən üçün qorxu, öz xalqı üçün isə sonsuz qürur mənbəyi” adlandırması, Azərbaycan əsgərinin döyüş ruhunun beynəlxalq miqyasda qəbul olunan ali göstəricisidir.
Bilal, BakuPost