“Son vaxtlar NATO və Rusiya arasında münasibətlər həddindən artıq gərginləşib. Bunun da əsas səbəblərindən biri Rusiyanın aqressiv davranışlarıdır. Hətta hesab etmək olar ki, Kreml NATO-nu və üzv ölkələri hərbi təxribata çəkir”
Bu fikirləri
Bakupost.az a- açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib.
Onun sözlərinə görə, əsas məqsəd NATO ölkələrini qlobal savaşla şantaj etməkdir:
“Bu şantajın hədəfi odur ki, ABŞ və Qərb, Rusiya ilə savaş ehtimalından narahat olaraq, Rusiyaya qarşı sanksiyaların yeni paketlərini tətbiq etməkdən imtina etsin və buna paralel olaraq Ukraynaya hərbi dəstəyi zəiflətsin. Yəni, Kreml istəyir ki, kollektiv Qərbi qlobal savaş və ya III Dünya müharibəsi təhlükəsi ilə qorxudaraq, Rusiyanın kapitulyasiya aktı xarakteri daşıyan şərtləri qəbul etdirsin. Əsas hədəf bundan ibarətdir".
E.Xalidbəylinin fikrincə, kollektiv Qərb isə Rusiyanın ağır sülh şərtlərini qəbul etmək niyyətində deyil:
“Əksinə, Rusiyanın davranışlarına adekvat reaksiya verməyə daha çox üstünlük verilir. Bunun da əsas əlamətlərindən biri prezident Donald Trampın artıq Rusiyanın dərinliklərinə Amerika silahları ilə Ukraynanın zərbə endirməsinə icazə verməsidir. Bu da Rusiya üçün olduqca təhlükəli bir prosesin başlandığını göstərir. Və eyni zamanda Rusiyaya yaxın vaxtlarda sanksiyalar tətbiq oluna bilər və Ukraynaya da ən müasir hücum silahlarının veriləcəyi gözlənilir. Belə anlaşılır ki, Rusiyanın Qərbdə savaş xofu yaratmaq cəhdlərinə kollektiv Qərb əks zərbələrlə cavab verməkdədir”.
Lalə,
BakuPost