Mayın sonunda məsləhətləşmələr üçün Moskvaya gedən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistandakı parlament seçkiləri başa çatandan sonra İrəvana qayıdıb.
O, iyunun 12-də Rusiya Gününü qeyd etmək üçün səfirlikdə qəbul təşkil edəcək.
Qeyd edək ki, Kopırkinin Ermənistanda seçkilər ərəfəsində Moskvaya çağırılması və bu prosesin bitməsindən sonra yenidən İrəvana qaytarılması onun növbəti dönəm üçün Moskvada hansısa göstərişlər aldığından xəbər verir. Görünür səfir hansısa yeni bir ev tapşırığı ilə İrəvana qayıdır.
Siyasi şərhçi Abutalıb Səmədov
Bakupost.az-a bildirib ki, səfirin geri çağırılması adətən diplomatik münasibətlərin pozulmasından əvvəlki addım hesab olunur:
“Ermənistanda parlament seçkiləri ərəfəsi Rusiya müxalifətin qalib gəlməsinə nail olmaq üçün İrəvana qarşı bir sıra addımlar atdı. Ermənistandan gələn kənd təsərrüfatı məhsullarına standartlara cavab vermədiyini bəyan etməklə qadağa qoydular. Müxtəlif Rusiya rəsmiləri çıxışlarında münasibətlərin belə davam edəcəyi halda Ermənistanı gözləyən təhlükələrdən danışdılar. Hətta Putin “Ukrayna da belə başlamışdı” deyərək, Ermənistanı dolayısı ilə müharibə ilə hədələdi. Bu addımları gücləndirmək üçün də Moskvanın İrəvandakı səfiri Kopırkin məsləhətləşmələr adı ilə geri çağırıldı”.
Ekspert Moskvanın İrəvana hədələrinin nəticəsiz qaldığı qənaətindədir:
“Bu addımlarla Kreml vəziyyətin hansı təhlükəli həddə çatdığını Ermənistan cəmiyyətinə göstərməyə çalışıb. Lakin görünən odur ki, bu hədələr nəticə vermədi. Paşinyan qalib gəldi və Rusiya yenidən Kopırkini İrəvana qaytardı”.
Həmsöhbətimiz güman edir ki, Moskvada Kopırkinə erməni müxalifətinə əlindən gələn köməyi göstərmək, onlarla müəyyən iş aparmaq, Paşinyanın hakimiyyətinin zəifləməsi üçün zəruri addımlar atmaq, kilsə ilə əlaqələri daha da gücləndirmək kimi yeni tapşırıqlar verilib:
“Məqsəd uyğun zamanda Paşinyanı zorakı yolla devirməyə cəhd göstərməkdir. Yəni Rusiyanın pozuculuq fəaliyyəti bundan sonra da davam edəcək. Bu müstəvidə də səfir Kopırkinin üzərinə “mühüm” vəzifələr qoyulub”.
Rüfət Sultan, BakuPost