Rusiya ilə Ermənistan arasında gərginlik davam edir.
Moskva bu dəfə "Tramp marşrutu" (TRIPP) kimi tanınan yeni nəqliyyat layihəsi ilə bağlı İrəvana açıq mesaj göndərib.
"Bakupost" xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TRİPP layihəsinin həyata keçirilməsi zamanı Ermənistanın Rusiyanın da mövqeyini nəzərə almağa məcbur olacağını bəyan edib.
Onun sözlərinə görə, Ermənistan üzərindən həyata keçiriləcək hər hansı tranzit daşımalar Avrasiya İqtisadi İttifaqının(Aİİ) qaydalarına uyğun olmalıdır.
Qaluzin əlavə edib ki, "Tramp marşrutu"nun keçəcəyi ərazilər uzun illərdir Ermənistan sərhədçiləri ilə birlikdə rus sərhədçiləri tərəfindən qorunan Türkiyə və İranla sərhəd zonasını əhatə edir.
Bu səbəbdən Moskva hesab edir ki, layihənin reallaşdırılmasında Rusiyanın iştirakı həm hüquqi, həm də təhlükəsizlik baxımından vacibdir.
Siyasi şərhçi Əziz Əlibəyli
"Bakupost"a bildirib ki, İrəvan TRİPP layihəsilə bağlı müəyyən dərəcədə Moskvanın da tələblərini nəzərə almağa məhkumdur:
“Rusiyanın TRİPP layihəsinə real təsir imkanları vardır. Bu təsir imkanı özünü xüsusən də təhlükəsizlik spektrində göstərir. Eyni zamanda, Ermənistan daxilindəki loqistika hərəkətliliyi nöqteyi-nəzərindən də Moskvanın İrəvana təsir imkanları mövcuddur. Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır. Deməli, İrəvana təsir etmək üçün real təzyiq mexanizmləri var. Hər iki tərəf bu təsir imkanlarını bilir. O cümlədən, Rusiya ordusunun müəyyən hissəsi layihənin keçəcəyi ərazilərə nəzarət edir. Edilən xəbərdarlıqlar da məhz bunlara görədir”.
Rüfət Sultan,
BakuPost