Rusiyanın Krasnodar vilayətinin Novokubansk rayonunda daşınmaz əmlakla bağlı dələduzluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.
Bakupost.az xəbər verir ki, istintaqın məlumatına görə, cinayət işi yerli sakinlərdən birinin şikayəti əsasında açılıb. Zərərçəkən qadın təxminən üç il əvvəl şübhəli şəxsdən Stavropolda yerləşdiyi deyilən iki mənzili satın alıb və bunun üçün ümumilikdə 6 milyon rubl (təxminən 127 min manat) ödəyib. Lakin ödənişə baxmayaraq, o, mənzillərə dair heç bir sənəd əldə etməyib.
Məlumata görə, əsas məbləği aldıqdan sonra şübhəli şəxs əlavə xərclər adı ilə zərərçəkəndən daha çox pul tələb etməyə davam edib. Hüquq-mühafizə orqanları araşdırma zamanı müəyyən ediblər ki, satıldığı deyilən mənzillər əslində mövcud deyil.
45 yaşlı şübhəli zərərçəkəndən növbəti 500 min rubl məbləğində ödəniş alarkən polis tərəfindən həbs olunub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə istintaq müddətində qadın barəsində həbs-qətimkan tədbiri seçilib. Maddə üzrə maksimum cəza 10 ilədək həbs cəzası gözlənilir.
Cavid, BakuPost