Dünən (dekabrın 10-u) axşam saatlarında Sankt-Peterburqda yerləşən Pravoberejnı bazarında güclü yanğın baş verib.
Bakupost.az xəbər verir ki, hadisə nəticəsində bazarın 1 500 kvadrat metrdən çox sahəsi tamamilə yanıb. Bazardan təxminən 100 nəfər təxliyə edilib. Yanğında azı 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, bazara ümumilikdə 100-120 milyon rubl (2.2-2.6 milyon manat) civarında ziyan dəyib.
Qeyd edək ki, Pravoberejnı bazarında əsasən yerli və qonşu öllkələrdən, o cümlədən Azərbaycandan idxal edilmiş kənd təsərrüfatı və balıqçılıq məhsulları satılırdı. Bazarda həmçinin bir sıra azərbaycanlı sahibkarlar fəaliyyət göstərir. Bəzi dükan və satış nöqtələrində isə Azərbaycan vətəndaşları çalışır.
Yanğın həm bu məhsulların ticarətinə, həm də bazarda çalışan azərbaycanlı sahibkarlar və işçilərə ziyan vurub.
Cavid, BakuPost