Rusiyada hərbi xidmətə çağırış ildə iki dəfə deyil, bütün təqvim ili ərzində davam edə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə təklif ölkənin Dövlət Dumasında səslənib.
Eyni zamanda, çağırışçıların qoşunlara faktiki göndərilməsi tarixləri eyni qalacaq - bu, yaz və payızda baş verəcək.
Təşəbbüsün müəllifi, Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RBC-yə bildirib ki, il ərzində hərbi xidmətə çağırışı iki dövrlə məhdudlaşdırmağın mənası yoxdur.
O deyib: “Axı bunun üçün müdafiə nazirinin hər dəfə yeni əmri, tənzimləyən, təsvir edən, əslində, hər altı aydan bir bir-birini təkrarlayan bir dəstə digər sənədlərin verilməsi tələb olunur”.
Sənəddə belə bir sxem təklif edilir: prezident hərbi xidmətə çağırışla bağlı sərəncam verir, sonra müdafiə nazirinin əmri və digər sənədlər hazırlanır, daha sonra bu sənədlər əsasında ilboyu çağırışçılarla iş aparılır. A.Kartapolovun sözlərinə görə, çağırışçıları "heç kim narahat etmir", onlar "ilboyu sakitcə məntəqələrə gəlirlər, bütün tədbirlər görülür, həkim komissiyasından və peşəkar seçimdən keçir", bundan sonra isə "öz işləri ilə məşğul olurlar".
A.Kartapolov əmindir ki, yeni texnologiyaların yaranmasına uyğun olaraq çağırış sistemini dəyişdirmək lazımdır, bu, hərbi komissarlıqların yükünü daha bərabər paylamağa kömək edəcək, həmçinin bütün əlaqədar prosedurları çağırışçıların özləri üçün daha rahat edəcək. Deputatın sözlərinə görə, Rusiyada hərbi xidmətə çağırış sistemi uzun illərdir ki, dəyişməyib və yeni texnologiyaların yaranması və rəqəmsallaşmanın artması nəzərə alınmaqla, indiki formada o, artıq müasir dövrün tələblərinə cavab vermir.