Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin miqrantların hüquqi statusunu tənzimləyən qanuna dəyişikliklər təqdim edib.
Bakupost.az xəbər verir ki, məlumat dumanın rəsmi saytında dərc olunub.
Qanun layihəsinə əsasən, xarici işçilər yalnız özləri üçün deyil, Rusiya ərazisindəki ailə üzvləri üçün də sabit miqdarda gəlir vergisi ödəyəcəklər. Buraya uşaqlar və gəlir əldə etməyən digər ailə üzvləri daxildir.
Qanun layihəsi həmçinin miqrantların və ailə üzvlərinin Rusiya ərazisində qalma müddətini iş müqaviləsinin müddəti ilə məhdudlaşdırır. Əgər miqrant ilin 10 ayından az işləyərsə və ya müəyyən edilmiş minimum gəliri təmin etməzsə, ona verilmiş yaşayış və ya müvəqqəti qalma icazəsi ləğv ediləcək.
Miqrant uşaqlarının statusunda da dəyişiklik olacaq. Əgər miqrant uşaqları 18 yaşına çatdıqda Rusiya ərazisində qalmaq üçün müvafiq əsaslar əldə etməzlərsə, ölkəni tərk etməli olacaqlar.
Qanun layihəsi artıq komitəyə göndərilib və müzakirə mərhələsindədir.
Cavid, BakuPost