Ru
13:30 / 21 Sentyabr 2026

Rusiyada seçkilər: Cəmiyyət müharibənin davamına səs verdi

Rusiyada seçkilər: Cəmiyyət müharibənin davamına səs verdi
Eye

Rusiya Dövlət Dumasına seçkilər başa çatıb. Gözlənildiyi kimi seçkilərin qalibi hakim “Vahid Rusiya” Partiyası olub. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 84 faizinin hesablanmasından sonra hakim partiya 57,82 faizlə liderdir. Gennadi Züqanovun lideri olduğu Kommunist Partiyası səslərin 13,84, LDPR 8,77, “Yeni İnsanlar” bloku isə 7,07 faiz səs toplayıb. “Ədalətli Rusiya isə 5 faizlik baryeri keçə bilməyib, cəmi 4,99 faiz.

“Vahid Rusiya”nın namizədləri 225 təkmandatlı dairələrin 208-də də liderdir.

İlkin nəticələr onu göstərir ki, “Vahid Rusiya” Dumada konstitusiya çoxluğuna sahib ola bilər. Bunun üçün partiyaya 450 mandatlıq Dumada 301 yerə sahib olmaq kifayətdir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, Rusiyadakı seçkilərdə gözlənilən nəticələr əldə olunub:



“Hakim partiya yenə də parlamentdə böyük səs çoxluğuna malik olacaq. Müxalif olan “Yabloko” Partiyası isə seçkilərdən kənarlaşdırıldı. Onlar sülh və müharibənin dayandırılması tərəfdarı kimi çıxış edirdilər. Bu kimi açıqlamalar isə Kremlin xoşuna gəlmədiyindən, “Yabloko” seçkidən kənarda saxlanıldı. Belədə, Dumada müharibənin dayandırılmasını istəyən hansısa bir qüvvə yer almadı. Kremlə də bu lazım idi. Dəyişən bir şey yoxdur. Bu isə o deməkdir ki, Rusiya insanlarının əksəriyyəti hələ də Kremlin müharibə ideologiyasını dəstəkləyir”.

Ekspert qeyd edir ki, seçkilərdən sonra Rusiyanın Ukrayna və Qərbə münasibətdə aqressivliyi artmasa da, əvvəlki səviyyədə davam edəcək:

“Mövcud siyasət dəyişmədən davam edəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar