Rusiyanın Almatıdakı Baş Konsulluğu Navai təxəllüsü ilə tanınan azərbaycanəsilli Rusiya repçisi Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstanın Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib.
"Bakupost" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya konsulluğunun mətbuat xidməti məlumat yayıb.
"Biz Qazaxıstan XİN-ə Rusiya vətəndaşı ilə bağlı vəziyyətə dair rəsmi şərh verilməsi xahişi ilə nota göndərmişik. Baş Konsulluq hadisələrin inkişafını izləyir", - o qeyd edib.
Xatırladaq ki, Bəkirov oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana daxil olarkən "Korday" sərhəd məntəqəsində saxlanılıb. Polisin məlumatına görə, sənətçinin içində olduğu avtomobilə baxış zamanı narkotik maddə aşkar edilib.
Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. İş üzrə istintaq aparılır.
Sənətçinin vəkili Rəna Kərimova bildirib ki, Bəkirov iki ay müddətinə həbs edilib.